Mahmud Kərimov Fəxri xiyabanda dəfn olunacaq

11 Fevral 2013 08:51 (UTC+04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimovla vida mərasimi fevralın 11-də saat 12-dən 15-dək akademiyanın dairəvi zalında (Hüseyn Cavid prospekti, 31) olacaq. Dəfn mərasimi Fəxri xiyabanda keçiriləcək.

AzərTAc prezident İlham Əliyev, baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov və başqa dövlət adamlarının, alimlərin imzaladığı nekroloqun mətnini yayıb. Nekroloqda fizika-riyaziyyat elmləri doktoru, professor, akademik Mahmud Kərimovun fevralın 10-da vəfat etdiyi bildirilir: "Mahmud Kərimov 1948-ci il oktyabr ayının 18-də İrəvan şəhərində anadan olub. 1966-1971-ci illərdə Azərbaycan Dövlət Universitetinin fizika fakültəsində ali təhsil alıb. 1975-1978-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Radiasiya Tədqiqatları Sektorunun aspiranturasında oxuyub.

Mahmud Kərimov 1973-cü ildən Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda mühəndis vəzifəsində çalışıb, 1974-1984-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Radiasiya Tədqiqatları Sektorunda kiçik elmi işçi, böyük elmi işçi, elmi katib və laboratoriya rəhbəri vəzifələrində işləyib, 1984-2001-ci illərdə isə həmin sektorun direktoru vəzifəsini tutub. 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti seçilən Mahmud Kərimov ömrünün sonunadək bu vəzifədə çalışıb.

Mahmud Kərimov 1979-cu ildə fizika-riyaziyyat elmləri üzrə namizədlik, 1989-cu ildə doktorluq dissertasiyalarını müdafiə edib, 2000-ci ildə isə professor elmi adını alıb. 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilib".

Nekroloqda Mahmud Kərimovun ictimai fəallığı ilə də seçildiyi qeyd olunur.

APA-nın məlumatına görə, fevralın 9-da Mahmud Kərimovun vəziyyəti qəflətən pisləşib, onun ürəyində kəskin ağrılar başlayıb. Akademik dərhal Azərbaycandakı xəstəxanalardan birinə çatdırılsa da, onun təcili olaraq Türkiyəyə aparılmasına qərar verilib. Axşam saatlarında o, xüsusi təyyarə və həkimlərin müşayiəti ilə Türkiyəyə yola salınıb, lakin təyyarə havadaykən dünyasını dəyişib.

Allah rəhmət eləsin!

AzNews.az