Mehriban Əliyeva bir sıra görüşlər keçirib-FOTO

11 Fevral 2013 20:15 (UTC+04:00)


Azərbaycanın birinci xanımı qonağı salamlayaraq dost və qardaş ölkənin səfiri ilə görüşdən məmnunluq duyduğunu bildirib.

Mehriban xanım Əliyeva qeyd edib ki, Azərbaycan ilə Türkiyə arasındakı münasibətlər qardaşlıq və dostluğa əsaslanmaqla bütün sahələri əhatə edir. Azərbaycanın birinci xanımı Heydər Əliyev Fondunun iki ölkə arasındakı əlaqələrin inkişafına verdiyi töhfəni də vurğulayaraq deyib ki, Fond Türkiyə hökuməti ilə birgə bir sıra uğurlu layihələrə imza atıb.

Səmimi qəbula görə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıq edən Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkun beş aydır ki, ölkəmizdə səfir kimi fəaliyyət göstərdiyini söyləyib. Səfir vurğulayıb ki, Azərbaycandakı fəaliyyəti dövründə mövcud dostluq və qardaşlıq münasibətlərinin daha da dərinləşməsi üçün bütün qüvvəsini sərf edəcək.

Görüşdə, həmçinin 2013-cü ildə Heydər Əliyev Fondu ilə səhiyyə, mədəniyyət və birgə sahələrdə həyata keçiriləcək layihələr haqqında müzakirələr aparılıb, Türkiyədə fəaliyyət göstərən fondlarla müştərək işin zəruriliyi önə çəkilib. Həmçinin, Azərbaycanın dünyada, o cümlədən Türkiyədə təbliğinin daha da gücləndirilməsinin yolları barədə fikir mübadiləsi edilib.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva fevralın 11-də Fransa Respublikasının keçmiş Baş naziri və ticarət məsələləri üzrə vəkili Dominik de Villpen ilə görüşüb.
Mehriban xanım Əliyeva Dominik de Villpen ilə Parisdəki görüşünü məmnunluqla xatırladıb. Ölkələrimiz arasında gözəl əlaqələrin olduğunu deyən Mehriban xanım Əliyeva Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə buraxılmasının məhz fransız şirkətinin dəstəyi ilə reallaşmasını buna bariz nümunə kimi göstərib. O, Fransanın köməyi ilə bu proqramın gələcəkdə də davam edəcəyinə ümidvarlıq bildirib.
"Biz Heydər Əliyev Fondu olaraq humanitar, mədəniyyət, təhsil sahələrində də əməkdaşlıq edirik. Heydər Əliyev Fondu Azərbaycan həqiqətlərinin Fransada tanınmasını istəyir və biz bu istiqamətdə geniş fəaliyyət göstəririk. Artıq bir ildir ki, Fond Fransada Azərbaycan mədəniyyətini təbliğ edən iri layihə həyata keçirir. Bu layihə çərçivəsində tədbirlər bütün Fransanı əhatə edir" - deyə Mehriban xanım Əliyeva vurğulayıb. Azərbaycanın birinci xanımı bu tədbirlərin maraqla qarşılandığını, Fransa mətbuatında Azərbaycan barədə müsbət yazıların sayının artdığını xüsusilə qeyd edib.
Təhsil sahəsində əməkdaşlığa da toxunan Mehriban xanım Əliyeva Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakıda Fransız məktəbinin inşa olunduğunu deyib.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Dominik de Villpenin səfərinin uğurlu olacağına əminliyini ifadə edib.
Dominik de Villpen xoş sözlərə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya təşəkkürünü bildirib, Azərbaycana səfərindən böyük məmnunluq duyduğunu deyib. O, Azərbaycanı qazandığı uğurlar münasibətilə bir daha təbrik etmiş, birinci Avropa Oyunlarının məhz Bakıda keçirilməsini ölkənin artan nüfuzunun bariz göstəricisi adlandırıb. Fransalı qonaq bu oyunların keçirilməsi ilə əlaqədar yaradılmış təşkilat komitəsinə rəhbərlik edən Mehriban xanım Əliyevaya uğurlar arzulayıb.
Sonda xatirə şəkli çəkdirilib.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva fevralın 11-də Macarıstanın ölkəmizdəki səfiri Jolt Çutora ilə görüşüb.
Əlaqələrimizin dostluq münasibətlərinə əsaslandığını deyən Azərbaycanın birinci xanımı Mehriban Əliyeva iki ölkə arasında bütün sahələrdə əməkdaşlığın inkişafı üçün böyük perspektivlərin olduğunu deyib. Heydər Əliyev Fondunun da bu baxımdan fəaliyyətini qeyd edən Mehriban xanım Əliyeva Macarıstan hökuməti ilə birgə layihələrin reallaşdırılması barədə danışıqların getdiyini qeyd edib. Həmin layihələrdən birinə əsasən Macarıstanın paytaxtında fiziki qüsurlu insanlar üçün reabilitasiya mərkəzi inşa olunacaq.
Görüşdə Heydər Əliyev Fondunun xaricdə müxtəlif layihələr həyata keçirdiyi vurğulanıb. Belə layihələrdən birinin məhz Macarıstanda reallaşacığından məmnunluq ifadə edilib.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva fevralın 11-də BMT-nin ölkəmizdə yeni təyin olunmuş rezident əlaqələndiricisi və BMT-nin İnkişaf Proqramının (UNDP) daimi nümayəndəsi Antonius Broek ilə görüşüb.
Mehriban xanım Əliyeva Heydər Əliyev Fondunun UNDP ilə əməkdaşlığının 2005-ci ildən başladığını diqqətə çatdırıb. İndiyədək bir çox layihələrin həyata keçirildiyini deyən Mehriban xanım Əliyeva bunlardan ən böyüyünün "Kor və görmə qabiliyyəti zəif olan insanların informasiya-kommunikasiya texnologiyalarına çıxışının təmin edilməsi" layihəsi olduğunu vurğulayıb. Layihə çərçivəsində Bakıda və regionlarda bu qəbildən olan insanlar üçün İKT mərkəzləri inşa olunub.
Başqa layihələr barədə də danışan Mehriban xanım Əliyeva bunların içindən ətraf mühitin qorunması və mədəniyyət sahələrində görülmüş işləri xatırladıb. Azərbaycanın birinci xanımı gələcəkdə də bu istiqamətdə fəaliyyətin genişləndiriləcəyinə əminliyini ifadə edib.

Antonius Broek həmin layihələrin davam etdirilməsi istiqamətində təkliflərə açıq olduqlarını vurğulayıb. O, Azərbaycanın birinci xanımını ölkəmizin ilk telekommunikasiya peykinin orbitə buraxılması münasibətilə təbrik edib, bunu böyük uğur adlandırıb.

Görüşdə Heydər Əliyev Fondu və UNDP-nin fiziki qüsurlu insanlar ilə bağlı layihələrinin bu il də davam etdirilməsi barədə fikir mübadiləsi aparılıb. 2013-cü ilin Azərbaycanda "İnformasiya-kommunikasiya ili" elan olunması ilə əlaqədar ətraf mühitin qorunması və informasiya-kommunikasiya sahəsində işlərin genişləndirilməsi təklif edilib.

AzNews.az