İlham Əliyev Laosun xarici işlər nazirini qəbul etdi - Yenilənib

19 İyun 2017 12:19 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Prezident İlham Əliyev iyunun 19-da Laos Xalq Demokratik Respublikasının xarici işlər naziri Salımsay Kommasitin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

***

Laos Xalq Demokratik Respublikasının xarici işlər naziri Salımsay Kommasit deyib: “Sizin gözəl ölkənizə ilk rəsmi səfər etməyimdən şərəf hissi duyuram. Fürsətdən istifadə edərək Sizə Laos Xalq Demokratik Respublikasının Prezidenti Bunnyanq Voraçitin salamlarını çatdırırıq. Sizə yeni-yeni uğurlar və xalqınıza firavanlıq arzulayıram”.

Xoş sözlərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev ölkəmizin Laos Xalq Demokratik Respublikası ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu deyib. Dövlət başçısı Laos Xalq Demokratik Respublikasının xarici işlər naziri Salımsay Kommasitin Azərbaycana səfərinin ölkələrimiz arasında əlaqələrin daha da möhkəmləndirilməsi üçün qarşılıqlı marağın yaxşı göstəricisi olduğunu vurğulayıb. Prezident İlham Əliyev ümidvar olduğunu bildirib ki, nazir Salımsay Kommasitin ölkəmizə səfəri zamanı qarşılıqlı maraq doğuran və əməkdaşlığımızın perspektivlərinin müəyyənləşdirilməsi ilə bağlı məsələlər müzakirə ediləcək.

Nazir Salımsay Kommasit qeyd edib ki, Laos ilə Azərbaycan arasında əlaqələrin uzunmüddətli tarixi var və bu əlaqələr hələ sovetlər birliyi dövründən başlayıb. O vurğulayıb ki, Azərbaycan Laos Xalq Demokratik Respublikasının sosial-iqtisadi inkişafına, o cümlədən kadr hazırlığı məsələsinə böyük töhfə verib. Regionun lider dövləti olan Azərbaycanda böyük uğurların əldə edildiyini bildirən qonaq ölkələrimiz arasında qarşılıqlı səfərlərin önəmini vurğulayıb.

Görüşdə Azərbaycan Respublikası ilə Laos Xalq Demokratik Respublikası arasında təhsil, turizm və digər sahələrdə əməkdaşlıqla bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Dövlət başçısı Laos Xalq Demokratik Respublikasının Prezidenti Bunnyanq Voraçitin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Laos Xalq Demokratik Respublikasının Prezidentinə çatdırmağı xahiş edib.