“Neftin 40 dollardan aşağı düşməsi Azərbaycan üçün arzuolunan deyil" -Ekspert

20 İyun 2017 11:06 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Vüqar Bayramov deyib. Onun sözlərinə görə, Qətər ətrafındakı gərginlik və eləcə də ABŞ-da neft ehtiyatlarının artması fonunda neftin dünya bazar qiymətində azalmalar müşahidə edilməkdədir:

“Bu ilin ilk 4 ayında nisbətən stabil qalan neft qiymətlərinə Qətər gərginliyindən sonra "OPEC+" anlaşmasının yerinə yetirilməsi ilə bağlı formalaşan inamsızlıq birbaşa təsir göstərməkdədir. Əslində, son proseslər göstərir ki, nəinki şist neft hasilatının artması və ya alternativ enerjidən istifadə imkanlarının genişləndirilməsi, eyni zamanda Yaxın Şərq ölkələrinin bir-biri ilə gərgin münasibətləri neftin qiymətinin yüksəlməsinə imkan vermir.”

Vüqar Bayramov qeyd edib ki, Azərbaycan dövlət büdcəsində neftin bir barelinin qiymətinin 40 dollar nəzərdə tutulduğundan hələlik mövcud qiymət ölkəmiz üçün məqbul hesab edilə bilər:

“Neftin dünya bazar qiymətinin 40 dollardan aşağı düşməsi Azərbaycan iqtisadiyyatı üçün arzuolunan deyil. Bu tədiyyə balansına və xüsusən də ölkəyə daxil olan valyutanın həcminə mənfi təsir göstərəcək. Bu baxımdan, fiskal konsolidasiyanın növbəti mərhələsi struktur islahatlarının sürətləndirilməsi formasında həyata keçirilməlidir. Struktur islahatlarının genişləndirilməsi yalnız büdcə vəsaitlərinə qənaət deyil, eyni zamanda müxətlif sektorların idarəedilməsində çevikliyin və səmərəliyinin gücləndirilməsi baxımdan da vacibdir.”

Bahar RÜSTƏMLİ

AzNews.az