Valideynləri nəzərinə: birinci siniflərə qəbulun ikinci mərhələsinə başlanılıb

20 İyun 2017 20:37 (UTC+04:00)

AzNews.az Bakı Şəhəri üzrə Təhsil İdarəsinə istinadən xəbər verir ki, bu günədək birinci sinfə şagird qəbulu ilə bağlı elektron sistem vasitəsilə 44 mindən çox uşaq qeydiyyatdan keçib. Bu göstərici paytaxtdakı dövlət ümumi təhsil müəssisələrinin birinci sinfinə şagird qəbulu proqnozunun təxminən 95 faizindən çoxdur.

İkinci mərhələdə valideynlər müvafiq qaydalara uyğun olaraq, mektebeqebul.edu.az elektron sistemi vasitəsilə birinci sinfə qəbul üzrə sorğu yerləşdirə bilərlər. Bundan sonra valideynlər övladlarının sənədlərini iyunun 20-dən sentyabrın 18-dək (iyul ayı istisna olmaqla) məktəbə təqdim etməlidirlər.

Məktəb tərəfindən sənədlər hər həftənin V-VI günləri (bayram günləri istisna olmaqla) saat 11.00-dan 16.00-dək qəbul edilir. Sənədlər qəbul edildikdən sonra valideynə (qanuni nümayəndəyə) bu barədə qəbz verilir.

Həmçinin hər hansı səbəbdən özü elektron qeydiyyatdan keçə bilməyən şəxslər Bakının hər inzibati rayonunda birinci sinfə elektron sistem vasitəsilə ərizələrin qeydiyyatı məsələlərində vətəndaşlara kömək məqsədilə əlli məktəbdə yaradılmış alternativ qeydiyyat mərkəzlərinə müraciət edə bilərlər. Birinci sinfə şagird qəbulu prosesində qeydiyyat və sənəd qəbulu prosesində araşdırmaya ehtiyac olan məsələlərin həlli məqsədilə Bakı şəhəri üzrə altı ümumi təhsil müəssisəsində Apellyasiya Komissiyası fəaliyyət göstərir.