Kitab odlama çərşənbəsi

12 Fevral 2013 12:07 (UTC+04:00)
Əziz Rzazadə

Od çərşənbəsinə hələ çox var. Amma tonqallar indidən qalanıb. Yandırılan isə Əkrəm Əylislinin kitablardır.

Yəqin, mənim kimi siz də həmin mənzərəni seyr elədiniz. Nə düşündüyünüzü bilmirəm. Amma mən fikirləşdim ki, eyni məntiqlə az qala bütün yazılı Azərbaycan ədəbiyyatı yandırılmalıdır. Hələ folklor nümunələrini demirəm.

Erməni qızına aşiq olan, vüsalına yetişmək üçün donuz otaran, Quran yandıran Şeyx Sənan. Hüseyn Cavidin onun haqda əsərini unutmamışıq ki? Bəs "Əsli və Kərəm"?

"Kеşiş bаğçаsındа bir gözəl gördüm,
Аğlımı bаşımnаn аldı, nə çаrə?
Dаrаyıb zülfünü, töküb üzünə,
Sərimi sövdаyа sаldı, nə çаrə?
Mən də bildim bu bir tərsа qızıdı,
Səhərdən pаrlаmış dаn ulduzudu,
Yаşılbаş sonаdı, göllər qаzıdı,
Аğlımı bаşımdаn аldı, nə çаrə?
Dərdli Kərəm dеyər fürqətim qаtı,
Kəskindi qılıncı, yüyrəkdi аtı,
O İsəvi, mən Məhəmməd hümməti,
Аtəşi sərimdə qаldı, nə çаrə?"

Tanış gəlirmi?

Bəlkə, Erməni Katolikosluğuna Eçmiədzində iqamət yeri vermiş Qaraqoyunlu sülaləsini yaddan çıxarmışıq? "Həqiqi" təxəllüsü ilə şer yazan Cahan şah. Hələ fərmanları Matenadaranda indiyədək saxlanılan Şah İsmayılı demirəm. Onun Axtamar kilsəsində guşənişinliyini tarixdən necə silək?

Qanda bir xaç əhli varsa, qamusun seyr eylədim,
Bulmadım mən sən təki bir cani-canan, erməni.

Bu, İmadəddin Nəsiminin misralarıdır. Davam edək?

Mirzə Fətəli Axundzadənin "Hacı Qara"sındakı iki Tuğ ermənisi (Bura Xaçatur Abovyanla dostluğu da əlavə etmək olar). Nəcəf bəy Vəzirovun "Hacı Qəmbər"indəki Qıdı Kirvə. Mirzə Cəlilin "Usta Zeynal" və s. hekayələrindəki erməni obrazları. Nəriman Nərimanovun "Bahadır və Sona"sı. Cəfər Cabbarlının "1905-ci il"i. Səməd Vurğundan tutmuş digərlərinə qədər neçə-neçə şairin "qardaş olub Hayastan Azərbaycan"a oxşar sayı bilinməz misraları...

Azərbaycan Yazıçılar Birliyinin üzvü olmuş və yaddaşım mənə xəyanət etmirsə, Azərbaycanın ilk xalq yazıçısı, erməni əsilli Aleksandr Şirvanzadə. Onun "Namus" romanı əvvəllər kiminin kitab rəfində yox idi ki? Onunla bərabər Sayat Novanı bizə oxutmurdularmı? Onun kimi saz-söz ustadı olan Aşıq Pərinin erməni sevgilisi – Şuşa komendantı Madatovla eşq macərasını da yadımızdan çıxarmayaq. Bu misralar da elə Aşıq Pəriyə məxsusdur:

Punhanda bir azanım var mənim,
Gozlər yolda, intizarım var mənim,
O kəlməndən xəridarım var mənim,
Sən sərrafsan, mən də kana gəlmişəm.

Nəhayət, sovet dövründə erməni ədəbiyyatından edilmiş tərcümələri də tapıb tonqala ataq. Haydı tez olun. Yolüstü Hrant Matrevosyanın da 1987-ci ildə Azərbaycan dilinə tərcümə olunmuş kitabını götürün.

Söz düşmüşkən, onun "Mesrop" hekayəsinin tərcüməsini bitirdim. Bu da həmin hekayədən kiçik bir hissə: "Azərbaycanca o danışmırdı. Bəhanə gətirirdi ki, türkcə bilmirəm. Onda azərbaycanlı çobanlar onunla ermənicə danışırdılar. Amma onun qəsdi bu deyildi. O, çobanları bilərəkdən "türk" adlandırdı ki, xətirlərinə dəysin. Onlarsa Mesropdan əsla incimirdilər, çünki türk deyildilər. Onlar heç azərbaycanlı da deyildi. Elə bizim çobanlar kimi, yağışa düşürdülər, qurunurdular və s. Amma bir şeydə mehtər, necə deyərlər, haqlı çıxırdı. Azərbaycan çobanları öz uzaq aran yerlərindən bizim dağlardakı yaylaqlara köç edirdilər. Köç yerlərinin lap yaxınındasa kəndimiz yerləşirdi və buna görə də bizə həmişə elə gəlirdi ki, dağlar bizim malımız-mülkümüzdür. Demək olar ki, il boyu onlar bizim olurdu – payızda, qışda, yazda. Yaydasa onlar, ovalıqdan gələnlər öz köhnə-kürüşü ilə dağlara, yanımıza qalxırdılar. Belə anlaşılırdı ki, onlar sənin evinə gəliblər, sənin evin ixtiyarsız olaraq onların evi olurdu. Və düşünürdün: axı bulağın yanındakı arxları çoxdan, lap çoxdan artyomlu Artin çəkib, indisə orda tozlu topayla azərbaycanlıların sürüsü toplaşıb..."