ABŞ səfirliyi Əkrəm Əylislini müdafiə etdi

12 Fevral 2013 15:16 (UTC+04:00)




Dünən sabiq xalq yazıçısı Əkrəm Əylislinin özünün və yaxınlarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı ABŞ-ın ölkəmizdəki səfirliyinin təmsilçisi ilə görüşməsi haqda informasiya dərc etmişdik. Həmin yazıda bildirilirdi ki, səfirliyin səlahiyyətli nümayəndəsi ilə görüşən Əkrəm Əylisli ondan baş verənlərlə bağlı səfirin məlumatlandırılmasını və məsələnin diqqətdə saxlanılmasını xahiş edib.

Səfirlik nümayəndəsi isə öz növbəsində yazıçıya səfirin baş verənlərlə bağlı kifayət qədər məlumatlı olduğunu deməklə yanaşı onun müdafiə olunacağını da vəd etməsini qeyd etmişdik. ABŞ səfirliyinin bu gün yayılan müraciəti AzNew.az-ın yazdıqlarını təsdiqləməklə yanaşı Əkrəm Əylislinin beynəlxalq müdafiəsinin təşkilinə başlandığını da isbat etdi.

Belə ki, AzadlıqRadiosunun yazıçı Əkrəm Əylisliyə olan hücumlarla bağlı sorğusuna cavabında ABŞ-ın Azərbaycandakı səfirliyi qeyd edib ki, ona qarşı zorakılıq təhdidlərini pisləyir:

"Biz başa düşürük ki, səbəb olduğu böyük iztirablar Dağlıq Qarabağ münaqişəsini həm də azərbaycanlılar üçün emosional məsələyə çevirir. Eyni zamanda amerikalılar olaraq biz inanırıq ki, ifadə azadlığı istənilən demokratik cəmiyyətin fundamental tərkib hissəsidir. Biz fiziki zorakılıqla bağlı bütün təhdidləri pisləyirik" – deyə səfirlikdən verilən rəsmi açıqlamada bildirilir.

Yazıçı Əkrəm Əylisli keçən ilin dekabrında "Drujba narodov" jurnalında çap olunan "Daş Yuxular" adlı romanına görə Azərbaycanda sərt reaksiyalarla üzləşib. Rəsmi təbliğat vasitələri yazıçını tarixi Azərbaycanla müharibə şəraitində olan Ermənistanın xeyrinə saxtalaşdırmaqda ittiham edir.

Prezident Əkrəm Əylisliyə verilən "Xalq yazıçısı" titulunu və prezident təqaüdünü geri alıb.

Eyni zamanda ölkənin müxtəlif bölgələrində yazıçının kitabları yandırılıb.

Hökumətyönümlü Müasir Müsavat Partiyasının sədri Hafiz Haciyev isə Əkrəm Əylislinin qulağının kəsilməsinə mükafat vəd edib.

Yazıçı özü və ailəsinin təhlükəsizliyinin təmin olunması üçün mediada çıxışlar edir. Amma hələlik hüquq-mühafizə orqanları onun öz təhlükəsizliyinin təminatı üçün rəsmi müraciət etməsinin lazım olduğunu deyirlər.

Orxan
AzNews.az