Ukrayna böyük "kiberhücum" təhlükəsi qarşısında - dövlət qurumları və şirkətlərə hücumlar edildi

27 İyun 2017 21:24 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki, irimiqyaslı haker hücumu nəticəsində Ukrayna banklarının, enerji şirkətlərinin, dövlət və media qurumlarının internet resursları və lokal şəbəkələrin işi bloklanıb.

Kiberhücuma məruz qalan qurumlar arasında "Oşşadbank", "Ukrqazbank", "Pivedennıy", OTR, "TASKombank" bankları, DTEK, "Kievenerqo", "Ukrenerqo" enerji şirkətləri, "Borispol" hava limanı, "Ukrtelekom", "Ukrpoçta", "Kievvodokanal", həmçinin "Kievstar", "Vodafone" və "Lifecell" mobil operatorları, "Lyuks" teleradioşirkəti, ATR kanalı, UMH holdinin media resursları var. Ukrayna Nazirlər Kabinetinin kompüter sistemləri və hökumətin saytı da işləmir.

İT mütəxəssisləri virusa yoluxmadan sığortalanmaq üçün yenilənmiş antivirus proqramlarından istifadə etməyi, naməlum mənbələrdən proqramlar yükləməməyi, elektron poçt ünvanı və sosial şəbəkələrdən gələn şübhəli linklərə daxil olmamağı məsləhət görürlər.