Sabunçu rayonunda törədilən qətlin üstü açılıb

12 Fevral 2013 16:00 (UTC+04:00)
Bakının Sabunçu rayonunda törədilən qətlin üstü açılıb. Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilir ki, Sabunçu rayon Prokurorluğu və rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində baş vermiş qəsdən adamöldürmə cinayətinin isti izlərlə açılması təmin edilib.

Belə ki, fevralın 9-da saat 19 radələrində Bakıxanov qəsəbəsində yerləşən "Bülbülə" gölünün yaxınlığındakı qamışlıq sahədə üzərində çoxsaylı xəsarətlər olan kişi meyiti aşkar edilib.

Fakta görə rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, dindirilmələr aparılmış, müvafiq ekspertizalar təyin edilmiş və digər zəruri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilib. İstintaqla müəyyən edilib ki, aşkar edilmiş kişi meyiti Qaraçuxur qəsəbə sakini, 1981-ci il təvəllüdlü Əliyev Yusif Yunus oğluna məxsus olmaqla, o, qeyd olunan tarixdə aralarında yaranmış mübahisə zəminində xalası oğlu, 1980-ci il təvəllüdlü Ələkbərov Qurban Lətif oğlu tərəfindən odlu silahla qətlə yetirilib və sonuncu hadisə yerindən qaçıb.

Aparılmış istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin törədilməsində şübhəli bilinən Qurban Ələkbərov tutularaq istintaqa cəlb olunub.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

AzNews.az