Zəfər Quliyevdən ADP sədrinə- CAVAB

13 Fevral 2013 12:08 (UTC+04:00)

"Sərdar Cəlaloğlu siyasətçilər arasında orijinal fikirləri ilə tanınır. Ziyalılar Forumunda təmsil olunan ziyalıların hansısa ölkədə dostları, tanışları ola bilər. Sərdar Cəlaloğlu bunları nəzərdə tutub danışırsa, bu, həm qəribədir, həm də reallıqdan kənardır. Ona görə ki, buradakı ziyalılar Azərbaycanın problemləri ilə məşğuldur".

Bunu AzNews.az-a Ziyalılar Forumunun üzvü Zəfər Quliyev Sərdar Cəlaloğlunun Rüstəm İbrahimbəyov barədə səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib. Z.Quliyev qeyd edib ki, bütün bu məsələlərdə Sərdar Cəlaloğlu Rüstəm İbrahimbəyova işarə vurursa, o, özü də düşünmədən hakimiyyətin siyasi xəttini tutur:

"Son günlər ölkədə yenidən Rusiya xofu yaratmağa çalışırlar. Ölkədə nə baş verirsə, bütün hadisələri Rusiyaya bağlamaq istəyirlər. Bu, hakimiyyətin siyasi xəttidir. Siyasi xətt aksiya keçiriləndə, Ziyalılar Forumunun tədbiri keçiriləndə, onu Rusiya ilə əlaqələndirməkdən ibarətdir. Dəqiq bilmirəm, bəlkə də Sərdar Cəlaloğlu düşünmədən hakimiyyətin siyasi xəttini tutur".


Qeyd edək ki, Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu AzNews.az-a bu gün verdiyi müsahibəsində Ziyalılar Forumunun Rusiya ilə əlaqəsinin olmasında ittiham edib. Partiya sədri bildirib ki, "EL" Hərəkatını aysberqə bənzətsək, bunun suyun altında olan hissəsi "Milyarderlər İttifaqı"dır: "Hələ bəlkə bu da aysberqin görünən tərəfidir. Onun arxasında Rusiyanın güc strukturları durur. Tez-tez Putin ittifaqın nümayəndəsini qəbul edir. Bu, adi məsələ deyil".

İlkin
AzNews.az