Təhsil Nazirliyi plagiat dərsliklərlə bağlı yekun qərar verəcək

13 Fevral 2013 12:50 (UTC+04:00)
Təhsil Nazirliyi bu həftə ərzində plagiat ali məktəb dərslikləri ilə bağlı yekun qərar verəcək.

Bunu APA-ya açıqlamasında Təhsil Nazirliyinin dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı deyib. O bildirib ki, Müəllif Hüquqları Agentliyinin Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri İlqar Hüseynovun "Qədim dünya mədəniyyəti" və "Kulturologiya tarixi" adlı plagiat dərslikləri ilə bağlı yekun rəyi Təhsil Nazirliyinə təqdim edilib. Onun sözlərinə görə, nazirliyin elmi-metodik şurasının incəsənət bölməsinin rəhbəri və digər üzvləri ilə birgə bu məsələ müzakirə edilib: "Yekun qərar hələ ki yoxdur. Çünki şikayətçinin, dərsliklərin müəllifinin də yekun rəylə bağlı bir ərizəsi var. Gözləyirik ki, o da nazirliyə təqdim olunandan sonra məsələyə tam aydınlıq gətirilsin. Nəzərdə tutmuşuq ki, bu həftənin 5-ci günü məsələ bir daha müzakirə edildikdən sonra yekun qərar veriləcək. Hər halda bununla bağlı Müəllif Hüquqları Agentliyinin rəsmi məktubu var. Məsələ buna uyğun araşdırılacaq və yekun qərar veriləcək".

Faiq Şahbazlı Kamran İmanovun Müəllif Hüquqları Agentliyi tərəfindən aşkarlanan plagiat faktlarının böyük əksəriyyətinin təhsil sahəsinə aid olması ilə bağlı səsləndirdiyi fikirlərə də münasibət bildirib. Bundan xəbərsiz olduğunu deyən şöbə müdiri deyilənlərlə razılaşmayıb.

AzNews.az