Elmar Vəliyevin yalanı üzə çıxdı: onun xəstəxanada olduğu təsdiqləndi

13 Fevral 2013 13:19 (UTC+04:00)
Gəncənin icra başçısı Elmar Vəliyev prezidentin müşavirəsindən sonra Mərkəzi Klinikaya gətirilib. Klinikanın stasionar şöbəsinin əməkdaşı "bizimyolinfo.com" a bildirib ki, 1960-cı il təvəllüdlü Elmar Rüstəm oğlu Vəliyev klinikaya gətirilib. Şöbə əməkdaşı E. Vəliyevə sistem taxılıb, dərman verildiyini desə də, daha sonra bir neçə yerə zəng etməli olduğunu bildirib.

Zənglərindən sonra deyib ki, bu şəxs haqqında ancaq onun birinci dərəcəli qohumlarına məlumat verilə bilər. Şöbə əməkdaşı əlavə edib ki, E. Vəliyevin adı qeydiyyata alınsa da, onun xəstəxanada stasionar (yatılı) xəstə olması qeyd olunmayıb. "Amma bizim kompyüterlərdə məlumat yığılarkən çox vaxt səhvlər gedir. Sizə dəqiq deyə bilmərəm ki, o burada yatılı müalicə alır, ya yox".

E. Vəliyevin həkimi ilə danışmaq istəsək də, şöbənin əməkdaşı qeyd edib ki, həkimlər toplantıdadır. Klinikanın mətbuatla əlaqələndiricisi Şəhla Bağırovanın da toplantıda olduğunu öyrənirik.

Qeyd edək ki, Gəncənin icra başçısı Elmar Vəliyev dünən prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən Azərbaycan Respublikası regionlarının 2009 -2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransdan dərhal sonra xəstəxanaya qaldırılıb. "Bizimyolinfo.com"a daxil olan məlumata görə prezident tədbirdə Elmar Vəliyevi ayağa qaldıraraq sərt şəkildə tənqid edib, sahibkarların hüquqlarını tapdalamqda, ayrılan vəsaitləri düzgün istifadə etməməkdə suçlayıb. Dövlət başçısı Elmar Vəliyevə sonuncu dəfə xəbərdarlıq etdiyini, işində dönüş yaratmasa, vəzifəsindən azad olunacağını, barəsində tədbir görüləcəyini vurğulayıb. Bundan sonra icra başçısı huşunu itirib və yerə yıxılıb.

AzNews.az