Azərbaycan-İran sərhəddindəki atışma araşdırılır

13 Fevral 2013 16:19 (UTC+04:00)


"Fevralın 3-də Azərbaycan sərhədçilərinin atəş açması nəticəsində İranın Parsabad şəhərinin tabeliyində olan Pirayvatlının iki sakininin yaralanması faktı araşdırılır".

Bunu mətbuata müsahibəsində İranın Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst deyib.

Onun sözlərinə görə, hadisə ilə əlaqədar birgə sərhəd komitələri tərəfindən araşdırma aparılır: "Bu məsələ iki ölkənin müştərək sərhəd komitələri tərəfindən izlənilir. Sərhəddə baş verən hər bir məsələnin daim ölkə rəsmiləri tərəfindən izlənilməsinə səbəb yoxdur. Bu məsələlərlə əlaqədar rəsmi şəxslər var və bu məsələ birgə sərhəd komitəsinin fəaliyyəti çərçivəsindədir. Bütün hallar araşdırılır və araşdırılacaq".

XİN sözçüsü Azərbaycan təmsilçilərinin Tehrandakı "Vəhdət" konfransında iştirak etməməsinə də münasibət bildirib:

"Konfransda İranın məqsədi islam ölkələri arasında vəhdəti yaratmaqdır. Kimlərin iştirak edib-etməyəcəyi ilə əlaqədar məsələ ölkələrin siyasətinə əsaslanır. Hər halda onların iştirak etməmələri islam konfransının keçirilməsində İranın rolu və məqsədinə xələl gətirə bilməz".

Alpər
AzNews.az