Gülər Əhmədovanı neçə il həbs gözləyir?

14 Fevral 2013 10:52 (UTC+04:00)

"Sabiq millət vəkili Gülər Əhmədovaya ən azı 10 ilə və daha artıq həbs cəzası veriləcək" Bunu Modern.az-a açıqlamasında hüquqşünas Namizəd Səfərov bildirib.

Gülər Əhmədovanın iki maddə ilə həbs edildiyini bildirən hüquqşünasın sözlərinə görə, eks-deputat barəsində açılan cinayət işi əvvəlkindən fərqlidir. N.Səfərov həmçinin qeyd edib ki, qanununvericiliyin tələbinə müvafiq olaraq G.Əhmədovanın digər cinayət əməlləri açılaraq onu dağa ağır cəza gözləyir.

"Gülər Əhmədova ilə bağlı iki maddə ilə cinayət işi açılıb. Bunlar dələduzluq və cinayəti gizlətmə ilə bağlıdır. Birinci cinayət daha ağır cinayət hesab olunur. Dələduzluq maddəsi ilə Gülər Əhmədovaya qanunun tələbinə müvafiq olaraq 7 ildən 12 ilə qədər azadlıqda məhrumetmə cəzası verilə bilər. Digər maddə kifayət qədər yüngül maddədir. Gülər Əhmədovanın həbsxanada olduğu istintaq müddətində onun digər cinayət əməlləri də aşkar oluna bilər. Bunlar da cinayət işinə əlavə ediləcək. Ümumilikdə Gülər Əhmədovaya 10 ildən artıq həbs cəzası veriləcək. Bu cəza artırıla da bilər",-deyə hüquqşünas vurğulayıb.
Qeyd edək ki, Cinayət Məcəlləsinin 178.3.2 və 307.2-ci maddələri ilə təqsirləndirilən sabiq deputat Gülər Əhmədova fevralın 13-də Səbail rayon Məhkəməsində çıxarılan qərarla hələlik 2 aylığa həbs olunub. O, külli miqdarda ziyan vurmaqla dələduzluqda (178.3.2) və qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmədə (307.2-ci ) təqsirli bilinir.

Səbail Rayon Məhkəməsində barəsində həbs-qətimkan tədbiri seçilən keçmiş deputat Gülər Əhmədova dünən Bakı İstintaq Təcridxanasına aparılıb.

AzNews.az