Qanunsuz ağac kəsən şəxsin üzərinə ağac düşüb

20 İyul 2017 19:52 (UTC+04:00)

AzNews.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Lerik rayonunun Çayrud kənd sakini 1953-cü il təvəllüdlü Tərzan Muradov müəssisənin Vizəzəzmin meşəbəyliyindəki dolaya özbaşına daxil olaraq qanunsuz ağac kəsərkən kəsdiyi ağac onun üzərinə düşüb. Nəticədə T.Muradov yerindəcə keçinib. Ərazisində ağac kəsintisi ilə bağlı məlumat alan Lerik MMBM-nin Vizəzəzmin meşəbəyliyinin 15 saylı dolayının meşə gözətçisi Əflatun Almasov hadisə yerinə gəlib və qanunsuz ağac kəsən şəxsin ağacın gövdəsi altında qaldığının şahidi olub. Meşə gözətçisi dərhal hadisə ilə bağlı müəssisənin rəhbərliyinə və rayon polis şöbəsinə məlumat verib.

Baş vermiş hadisə ilə əlaqədar Lerik rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.