Prokurorluq Gülər Əhmədovanın daha bir neçə obyektinə “əl qoydu” - EKSKLÜZİV

14 Fevral 2013 14:50 (UTC+04:00)



Barəsində 2 aylıq həbs qəti-imkan tədbiri seçilən sabiq millət vəkili Gülər Əhmədovanın müsadirə ediləcək əmlakının siyahısını dünən yayımlamışdıq.

Qeyd etmişdik ki, məhkəmənin hökmündən dərhal sonra Gülər Əhmədovanın mülklərinin müəyyənləşməsi və nəzarətdə saxlanması, eləcə də onlarda müəyyən axtarışların aparılması üçün əməliyyat qrupları yaradılıb. Müsadirə edilmək üçün məhkəməyə təqdim olunacaq əmlakların siyahısında sabiq deputatın mərkəzdə olan 9 mənzili, 4 böyük bağ evi və 4 iri sahəli obyektinin olduğunu bildirmişdik.

Bu dəqiqələrdə istintaq qrupu Gülər Əhmədovanın bu obyektlərdən başqa bir neçə obyektinin olduğunu da müəyyənləşdirib. AzNews.az-ın əldə etdiyi məlumata görə, adı bəlli olan obyektlərdən biri Yasamaldakı "Məkan" restoranıdır. Sabiq deputatın digər obyekti isə Tbilisi prospektində "Həyat Recens" oteli ilə üzbəüz "Pivnuşka" (pub) kafesidir. Prokurorluq nümayəndələrinin puba baxışı zamanı müəyyən olub ki, obyektin bir hissəsi ofis kimi istifadə edilib.

Hazırda istintaq qrupu bu obyektlərə baxış keçirir .

Qeyd edək ki, istintaq dövründə təqsirli bilinən şəxsin əmlakının özgəninkiləşdirilməsinin qarşısı alınmaq üçün onlara həbs qoyulur və bu əmlakın hansı yolla əldə edilməsi müəyyənləşdirilir.

Azər
AzNews.az