“Təhsilin səviyyəsi ilə bağlı fikirlərimi həmişə açıq şəkildə söyləmişəm”

14 Fevral 2013 14:58 (UTC+04:00)



"Azərbaycanda təhsilin səviyyəsi ilə bağlı fikirlərimi həmişə açıq şəkildə, elmi fikirlərlə söyləmişəm. İnsanın öz fikirlərini söyləməsində və elmi əsaslarla sübut etməsində bir qəbahət yoxdur". APA-nın xəbərinə görə, bu fikirləri Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, rəhbərlik etdiyi qurum ölkədə təhsil sahəsində problemləri elmi müstəvidə müzakirə etməyə həmişə hazırdır: "Məsələ bundadır ki, tək TQDK tərəfindən aparılan araşdırmalar yox, beynəlxalq təşkilatlar tərəfindən aparılan araşdırmalar da təhsil sistemindəki reytinqi müəyyənləşdirir. Bilmirəm, siz bir vətəndaş kimi ölkəmizin bu təhsil reytinqlərində aşağı pillədə olmasına razısınızmı? Mən şəxsən bir vətəndaş və məmur kimi bununla razılaşmıram. Ona görə də hesab edirəm ki, biz özümüz apardığımız araşdırmalar nəticəsində faktiki olaraq müəyyən problemləri həll etməyə qadirik. Bu problemləri həll etmək lazımdır. Ötən ilin qəbul və buraxılış imtahanlarının nəticələri ilə bağlı kifayət qədər təkliflər vermişik. Hesab edirəm ki, bu təkliflər diqqətlə oxunsa və tətbiq olunsa, orta məktəbdə təhsil sisteminə bir töhfə verilmiş olar".

AzNews.az