Həmkarlar ittifaqları evdə işləyənlərin hüquqlarının qoruyacaq

14 Fevral 2013 15:33 (UTC+04:00)
Azərbaycanda evlərdə işləyən şəxslər, eləcə də kiçik əmək kollektivlərinin üzvləri öz əmək hüquqlarının qorunmasında həmkarlar təşkilatlarının köməyinə ümid edə bilərlər.

Bunu "APA-Economics"ə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) şöbə müdiri Çingiz Tağıyev bildirib.

Onun sözlərinə görə, həmkarlar təşkilatları evlərdə işləyənlərin əmək hüquqlarının qorunmasına və onlara hüquqi yardımın göstərilməsində kömək edə bilər. Söhbət repetitorlar, ev qulluqçuları, dayələr, evlərdə təmir-tikinti işləri aparan ustalar, eləcə də "qul bazarı" kimi tanınan ərazilərdə müxtəlif işlərə cəlb olunan işçilər, üzvlərinin sayı həmkarlar təşkilatı yaratmaq üçün kifayət etməyən (həmkarlar təşkilatı yaratmaq üçün işçilərin minimum sayı 7 nəfər olmalıdır) kiçik əmək kollektivlərindən gedir. Bunun üçün həmin şəxslər fəaliyyət göstərdikləri sahələr üzrə həmkarlar təşkilatlarına üzv olmalı və ona üzvlük haqqı (gəlirinin 2%-i qədər) ödəməlidir.

"Bunun üçün işçi öz yaşadığı rayonun həmkarlar ittifaqı ilə və ya sahəvi həmkarlar təşkilatına üzvlük üçün müraciət etməli və müvafiq müqavilə bağlayıb üzvlük haqqı köçürməlidir", - deyə AHİK rəsmisi bildirib.

Ç.Tağıyev qeyd edib ki, belə işçilərə hüquqi yardım dedikdə ilk növbədə onun hüquqlarını ona izah etmək, həmkarlar təşkilatlarının üzvü olduqları təqdirdə onların məhkəmələrə müraciət etməsinə kömək edilə, onlar pulsuz vəkillə təmin oluna bilər və digər yardımlar başa düşülür.

AzNews.az