Deputatlar Gülər Əhmədovadan danışdılar

14 Fevral 2013 15:42 (UTC+04:00)



Milli Məclisin sabiq üzvü Gülər Əhmədovanın həbs edilməsi gündəmin əsas mövzusuna çevrilib. Eks-deputatın həbsinə müxtəlif cür münasibətlər sərgilənir. Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru Elşad Abdullayevlə 1 milyonluq rüşvət qalmaqalında adı hallanan G.Əhmədovanın gözlənilməz həbsi haqda bu dəfə onun keçmiş həmkarları - millət vəkilləri danışdılar.

Deputatlar Gülər Əhmədovanın həbsinə necə reaksiya verdilər? Millət vəkili, Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı Modern.az-a açıqlamasında keçmiş həmkarının həbsinin siyasi məsələ olmadığını deyərək, bu haqda ətraflı danışmağın tez olduğunu bildirib. Deputatın fikrincə, məsələyə obyektiv qiymət vermək üçün məhkəmənin başa çatmasını gözləmək lazımdır. "İstintaq hazırda davam edir.

İstintaq qutarsın, ondan sonra hər şey bəlli olacaq. Mən qeyd edim ki, bu işlə bağlı istintaq açılmışdı, proses gedirdi, bu addım ondan sonra atıldı. Bu siyasi məsələ deyil axı. İmkan vermək lazımdır ki, istintaq başa çatsın, məhkəmə olsun. Ondan sonra məsələyə aydınlıq gətiriləcək. Bu hüquqi məsələ olduğu üçün mən ona necə qiymət verə bilərəm ki? Məhkəmə olsun ondan sonra görək nə baş verəcək",-deyə F.Ağamalı vurğulayıb. Gülər Əhmədovanın keçmiş deputat həmkarı Musa Quliyev də bu məsələyə qiymət verməyin hələ tez olduğu qənaətindədir. Deputatın sözlərinə görə, Gülər Əhmədovanın həbsi siyasi məsələ olmadığı üçün digər həbslərdən fərqlənmir: "Bu bir siyasi məsələ deyil. Bu sırf hüquqi inzibati məhkəmə məsələsidir. Bu baxımdan millət vəkili olaraq bu məsələyə münasibət bildirmək doğru olmazdı. Gün ərzində neçə belə həbs edilən, tutulan olur. Bu baxımdan hər məsələyə bizim münasibət bildirməyimiz də doğru olmazdı. Hər halda ədalət öz yerini tutacaq". Gülər Əhmədovanın həbsi ilə bağlı daha bir neçə millət vəkili ilə əlaqə saxlayıb münasibət öyrənməyə çalışsaq da, deputatlar bu haqda danışmaq istəmədiklərini bildirərək, ehtiyatlandıqlarını biruzə verdilər.

Qeyd edək ki, sabiq millət vəkili Gülər Əhmədova Cinayət Məcəlləsinin 178.3.2 və 307.2-ci maddələri ilə təqsirli bilinərək fevralın 13-də Səbail rayon Məhkəməsində çıxarılan qərarla hələlik 2 aylığa həbs olunub. O, külli miqdarda ziyan vurmaqla dələduzluqda (178.3.2) və qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmədə (307.2-ci ) təqsirli bilinir. Hazırda G.Əhmədova Bakı İstintaq Təcridxanasında saxlanılır.

AzNews.az