İrana qarşı etiraz aksiyası

14 Fevral 2013 20:48 (UTC+04:00)

Ermənistan nazirlər kabinetinin binası qarşısında "Hayzn" Partiyasının təşəbbüsü ilə İranla əməkdaşlığa qarşı etiraz aksiyası keçirilib.

Lent.az-ın "Novosti-Armeniya"-ya istinadən məlumatına görə, onlar Ermənistan ərazisindən İrana örüş yeri verilməsi planına qarşı çıxış edib.

Aksiya iştirakçıları "Fars qoyunlarına Sünik (Zəngəzur mahalında-red.) yaylasında yer yoxdur!", "Sünik sizə örüş deyil!" kimi şüarlar söyləyiblər.

Aksiyaçılar hakimiyyətdən həmin ərazinin İslam Respublikasına icarəyə verilməsi qərarını qanunsuz sayıblar. Onların fikrincə, bu ərazi Şərqi Azərbaycan köçərilərinə veriləcək: "Orada azərbaycanlılar yaşayır. Bu isə Ermənistanın təhlükəsizliyini təhdid edəcək".

Aksiyaçılar Birləşmiş Ərəb Əmirliyinə icarəyə verilən torpaq sahələri ilə bağlı oxşar təhlükənin olacağını bildiriblər.

Mənbənin bildirdiyinə əsasən, həmin bölgədə 50 min hektar ərazi örüş kimi icarəyə verilib. Anlaşmaya görə, İran tərəfi hər hektara 26 dollar ödəyəcək.

Aksiyaçılar "Hökumət evini 26 dollara icarəyə verin!"-deyə, çağırış ediblər.