“Mərkəzi Bank buna hazır olmalıdır” - Ekspert Rusiya pulunun dəyərsizləşməsindən danışdı

7 Avqust 2017 10:49 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bunu iqtisadçı-alim Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, bu sanksiyaların tam reallaşacağı halda Rusiya əsas regional layihələrdə iştirakdan məhrum olmaqla yanaşı, hətta bu ölkənin maliyyə və qiymətli kağızlar bazarı da ciddi risk altına düşəcək:

“Təbii ki, bu kontekstdən rublun kursu yenə də gündəmə gəlməkdədir. Aydındır ki, sanksiyalar Rusiyanın valyuta bazarına da təsirsiz ötüşməyəcək. Buna görə də, sanksiyaların necə tətbiq olunması və eləcə də Avropa Birliyinin mövqeyi rublun taleyi baxımdan əhəmiyyətli olacaq. Rəsmi statistikada neftin dünya bazarında qiyməti aşağı düşdükdən sonra xarici valyuta ehtiyatalarını təxminən 88 milyard dollar itirərək 343 milyard dollar ehtiyata malik olan Rusiya Mərkəzi Bankının da intervensiya imkanları qısa müddətli dövrdə mümkün olsa da, uzun müddətli zaman üçün yetərli deyil. Digər tərəfdən, 529 milyard dollarlıq xarici borcu olan Rusiyada borc öhdəlikləri rezervlərdən 34 faiz çoxdur. Bu isə, Rusiyada “sığorta yastığının” çox həssas olduğundan xəbər verir. Unutmayaq ki, 2017-2019-cu illər üçün orta hesabla 1.3 faiz iqtisadi artım proqnozlaşdıran beynəlxalq maliyyə qurumları, bu qənaətə yeni sanksiyalardan öncə gəlmişdilər”.

Vüqar Bayramov qeyd edib ki, yeni sanksiyalar tam miqyası ilə tətbiq olunduğu halda rublun yenidən dəyərsizləşməsinin qarşısını almaq çətin olacaq:

“Təbii ki, hələlik sanksiyaların Rusiya iqtisadiyyatına ciddi təsir göstərməyəcəyi gözlənilir və bu baxımdan da xarici valyutaya tələb artsa da Moskva rublu müəyyən müddət qorumağa çalışacaq. Amma, sankiyaların tam gücü ilə tətbiq olunacağı və xüsusən də Avropa Birliyininin əsas dövlətlərinin bu qadağalara qoşulacağı halda ilin sonuna doğru rubla təzyiq kəskin artacaq. Bu halda rublun yenidən dəyərsizləşməsi qaçılmaz ola bilər. Rusiya pulunun dəyərsizləşməsi iqtisadi baxımdan bizim üçün də arzuolunan deyil. Çünki, bu Rusiyaya ixracatımıza, orada yaşayan həmyerlilərimizin iqtisadi aktivliyinə təsir göstərir. İxrac olunan kənd təsərrüfatı məhsullarımızın 90 faizinin Rusiya bazarına göndərildiyini, remitensinin həcminin 1 milyard dollardan çox olduğunu nəzərə alsaq bu təsirləri qiymətləndirmək çətin olmaz. Ucuz rubl manatın məzənnəsi üçün də arzuolunan deyil”.

Ekspert onu da əlavə edib ki, Rusiyaya tətbiq edilən yeni sanksiyalardan sonra Azərbaycan Mərkəzi Bankı rubl ilə bağlı bədbin ssenarilərin valyuta bazarımıza təsirini minimumlaşdırmağa öncədən hazır olmalıdır.

Bahar RÜSTƏMLİ

AzNews.az