Lionel Messi İspaniya çempionatları tarixində ən yaxşı futbolçu sayılıb

7 Avqust 2017 23:16 (UTC+04:00)

AzNews.az “AZƏRTAC”a istinadən xəbər verir ki, “Marca” qəzetinin yazdığına görə, 30 yaşlı Messi 349 qolla İspaniya çempionatları tarixində ən yaxşı bombardir olub.

Bunun üçün 1929-cu ildə İspaniyada keçirilən ilk futbol çempionatından başlamış 9280 futbolçu və 86 çempionatın oyunları təhlil edilib. Hesablama zamanı bir sıra amillər - hər mövsümdə oynanılan dəqiqələr, oyun zamanı vurulan qollar, onbirmetrlik cərimə zərbələri (penalti), avtoqollar və qırmızı vərəqələr nəzərə alınıb.

L.Messi 545 xal toplayıb. Madridin “Real” klubunun heyətində oynamış Raul (1994-2010) 528 xalla ikinci yerdədir. 1939-1955-ci illərdə “Barselona”nın idman şərəfini qorumuş Sesar Sançes 524 xalla üçüncü yeri tutub.

Maraqlıdır ki, “Real”ın təmsilçisi Kriştiano Ronaldo 415 xalla indiki futbolçular siyahısında ikinci, ümumi reytinqdə isə 17-ci yerdə qərarlaşıb ki, bu da ortaya çoxlu suallar çıxarır.

L.Messi 2004-cü ildən “Barselona”nın heyətində çıxış edir. Bu müddət ərzində o, səkkiz dəfə İspaniya çempionu, 5 dəfə İspaniya Kubokunun və 4 dəfə Çempionlar Liqasının qalibi olub. Argentinalı ilin ən yaxşı futbolçusuna təqdim edilən “Qızıl top” mükafatının beşqat sahibidir. O, Argentina yığmasının heyətində 2014-cü ilin dünya çempionatının gümüş mükafatçısı olub.

AzNews.az