Piyadanı vuraraq hadisə yerindən qaçan sürücü həbs edildi

9 Avqust 2017 20:15 (UTC+04:00)

AzNews.az Bakı Şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun birgə yaydığı məlumatına istinadən xəbər verir ki, Nizami rayonunun polis və prokurorluq orqanları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yol nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib.

Belə ki, avqustun 6-da paytaxtın Nizami rayonu ərazisində 1995-ci il təvəllüdlü İbrahim Cavad oğlu Məmmədov talama məqsədi olmadan Əfqan Böyükağa oğlu Kərimova məxsus “Mercedes-Benz C180” markalı 90-DS-298 dövlət nömrə nişanlı avtomobili qanunsuz olaraq ələ keçirib qaçıraraq şərxoş halda idarə etmişdir. Bu zaman yolu keçmək istəyən piyada Allahverdi Səməd oğlu Tağıyevi vuraraq ona bədən xəsarətləri yetirməsi, daha sonra yolun kənarında dayanmış “Honda CRV” markalı 99-GB-635 dövlət qeydiyyat nişanlı avtomobili zədələməklə hadisə yerindən qaçması faktına görə rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 185.2.4 (zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmə), 263-1.1 (sərxoş halda yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində İbrahim Məmmədov avqustun 7-də şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilməklə dindirilib.

İ.Məmmədov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

AzNews.az