Tehran nüvə proqramına dair razılaşmanı dayandıra bilər - İrandan ABŞ-a ciddi hədələr

15 Avqust 2017 10:09 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, prezident Həsən Ruhani bildirib ki, əgər Amerika Birləşmiş Ştatları İrana qarşı sanksiyaları genişləndirməyə davam edərsə, rəsmi Tehran nüvə proqramına dair “altılıq” ölkələri ilə əldə olunan razılaşmanı bir neçə saat ərzində dayandıracaq.

“Əvvəlki ABŞ hökumətinin uğursuz sanksiyaları və idarəetməsi onları danışıqlar masası arxasına oturmağa vadar etdi. Əgər onlar qısa müddət ərzində - ay, həftə, gün və ya bir neçə saat müddətində bu təcrübəni yenidən yaşamaq istəyirlərsə, biz də öz əvvəlki vəziyyətimizə geri qayıdacağıq” – deyə Ruhani qeyd edib.

İran və “altılıq” ölkələri arasında nüvə proqramına dair 2015-ci il 14 iyul tarixində razılaşma əldə olunub. Razılaşmaya əsasən, İranın nüvə proqramını məhdudlaşdırması müqabilində rəsmi Vaşinqton bu ölkəyə qarşı tədbiq olunan sanksiyaları aradan qaldırmalı idi.

Lakin bir müddət əvvəl ABŞ İranın raket proqramı ilə əlaqədar 18 təşkilatı və fizika alimini sanksiyalar siyahısına daxil edib. Rəsmi Tehran bu sanksiyalara müvafiq cavab verəcəyini bildirib.

İran parlamenti milli raket proqramının icrası məqsədilə 520 milyon dollar ayrılmasına dair qanun layihəsini təsdiqləyib.

Bəxtiyar Abbasov

AzNews.az