“Hamı “facebook”a köçəndə daha təhlükəli olacaq”

16 Fevral 2013 19:01 (UTC+04:00)


"Beynəlxalq təşkilatlar da bunu Azərbaycana irad kimi bildirirlər. İnsanları bu qədər öz hüquq və azadlıqlarını həyata keçirtməkdən məhrum etmək olmaz".

Bunu AzNews.az-a BQP sədri, millət vəkili Fazil Mustafa aksiyalarda cərimələnən gənclərin cərimələri ödəmədiyi üçün hakimiyyətin onlara qarşı atdığı addımlara şərh verərkən deyib. Deputat bildirib ki, bu məsələdə hakimiyyətin siyasəti yanlışdır: "Cərimələrin artırılması və gənclərlə bu cür rəftar edilməsi düzgün deyil. Bu aksiyanın qarşısını almır, əksinə daha çox dissident, etirazçı yaradır. Problemi həll etmək lazımdır. Problemlər həll olunmursa, bu cür cərimələr də rol oynamır. İnsanlar öz etirazlarını hansısa bir forma tapıb bildirəcəklər. "Facebook" sosial şəbəkəsi bu baxımdan əlverişlidir. Hamı ora köçəndə daha təhlükəli olacaq".

F.Mustafa əlavə edib ki, həmişə belə addımların əleyhinə çıxıb: "Millət vəkili olaraq, belə halların əleyhinə səs veririk, etirazımızı bildiririk. Hər halda bu məsələ barədə beynəlxalq təşkilatlara müraciəti intensivləşdirmək lazımdır".

İlkin
AzNews.az