Rafiq Əliyev El hərəkatından danışdı

17 Fevral 2013 09:57 (UTC+04:00)
""Ziyalılar Forumu"nun (ZF) "El" hərəkatı ilə əlaqəsi yoxdur". Bu açıqlamanı Deyerler.org-a Ziyalılar Forumunun üzvlərindən tanınmış alim-ziyalı Rafiq Əliyev verib. Forumla qurulmaqda olan hərəkatı eyniləşdirənlərə R.Əliyevin mesajı belə olub: "Şəxsən mən Rafiq Əliyevlə "El" hərəkatının heç bir əlaqəsi yoxdur. Bir qrup insanlar ki, hərəkat yaratmaq istəyirlər, bu insanların kimlikləri də mətbuatda açıqlanıb. Mənim bu insanlara bu mənada heç bir aidiyyətimi yoxdur, bu hərəkatda da iştirak etmirəm. Ancaq Ziyalılar Forumu təqdir edib ki, belə bir hərəkat yaranarsa, yaxşı olar. Onu biz qurmuruq. Mən əvvəllər də demişəm, bu, Ziyalılar Forumunun layihəsi deyil və şəxsən mən Rafiq Əliyev də bu layihədə təmsil olunmuram".

"Biz ilk gündən demişik ki, Ziyalılar Forumu siyasi təşkilat deyil. Ümumiyyətlə təşkilat da deyil, klub kimi bir şeydir. Yığışırlar sənət adamları, ziyalılar, ədiblər sözlərini deyirlər. Birinci gündən də, inidi də deyirik ki, siyasətlə məşğul olmuruq və heç bir siyasi iddiamız da yoxdur. Amma hərəkat və ya partiya yaranarkən onların siyasi iddiası olur. Bu baxımdan mən və mənim dostlarım bu hərəkatda yoxuq", - sonda R.Əliyev vurğulayıb.