Bizə göstərdiyi qardaşlıq köməyinə görə Azərbaycana minnətdarıq - Gürcüstanın müdafiə naziri

23 Avqust 2017 21:08 (UTC+04:00)

AzNews.az Trend-ə istinadən xəbər verir ki, nazir Gürcüstan hökuməti və xalqı adından Azərbaycana təşəkkür edib: “ Bizə qardaşlıq köməyi göstərdiyinə görə Azərbaycana minnətdarıq. Biz yanğınların monitorinqini məhz Azərbaycanın göndərdiyi helikopterlə həyata keçirdik. Yüksək əməkdaşlıq nəticəsində yanğın ocaqlarını birgə müəyyən etməyə nail olduq”.

Nazir qeyd edib ki, yanğın ocaqları minimallaşdırılsa da, külək alovun qarşısının tam alınmasına mane olur: “Azərbaycan və digər ölkələrin köməyi ilə yanğın ərazisinə yaxın yaşayan əhalinin təhlükəsizliyini təmin etmək üçün əlimizdən gələni edəcəyik”.

Qeyd edək ki, Gürcüstanın Daba kəndi yaxınlığında yerləşən meşədə yanğın avqustun 20-dən davam edir. Hazırda yanğın lokallaşdırılsa da, tam söndürmək mümkün olmayıb. Dağlıq ərazi, külək və quru hava yanğının tam söndürülməsinə mane olur. Yanğının söndürülməsinə kömək üçün Azərbaycan 3 helikopter, texnika və canlı qüvvə göndərib.