Nə at? Mən at minənəm?

18 Fevral 2013 09:56 (UTC+04:00)
Zamin Hacı

Keçən il dövlət başçısı bir sərəncam imzaladı və orta məktəb dərsliklərini monitorinq eləmək səlahiyyətini Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) verdi. Qabaqlar bu cür işlərlə əsasən təhsil eksperti Əlövsət Osmanlı məşğul olurdu – müstəqil şəkildə.

Güman etmək olardı ki, dərsliklərə nəzarət Məleykə Abbaszadənin ixtiyarına veriləndən sonra təhsil naziri Misir Mərdanovun qara günləri başlayacaqdır. Artıq ilk zərbələr gəlib – srağagün TQDK öz saytında 1-ci sinif dərslikləri haqda rəyləri yerləşdirib. Abbaszadənin ekspertləri 1-ci siniflərin "Azərbaycan dili", "Riyaziyyat" və "Həyat bilgisi" dərsliklərinin daşını daş üstdə qoymayıblar. Birmənalı olaraq və haqlı olaraq yazıblar ki, uşaqlara bu cür kitablarla dərs keçmək doğru deyil. Yazıq birincilər... Görəsən onların təhsili hara uçdu getdi? Hesab edək gələn ildən dərsliklər düzəldildi. Bəs hazırda həmin kitablarla oxuyan uşaqlar nə olacaq?

TQDK ekspertləri "birincilərin" dərsliklərində o qədər yanlışlar tapıblar, hamısını yazsaq saytda yer qalmaz. Ancaq bəziləri xüsusilə diqqətimizi cəlb eləyib, gəlin onlara baxaq.
Məsələn, sən demə "Azərbaycan dili" dərsliyinin bir yerində oğlan uşağı anasına deyir ki, "Ana, Ləmana alma alma!" Başqa səhifədə isə Mətanət atasına deyir: "Nə at? Mən at minənəm?". Ekspertlər deyir ki, birinci misalda qardaşın paxıllığı, ikincidə qızın kobudluğu göstərilib, birinci sinif uşağı belə danışmamalıdır. Ola bilər. Ancaq TQDK ekspertləri görünür real həyatımızdan uzaq düşüblər. İndi uşaqlar 3-4 yaşından bu cür olurlar. Olmağa məcburdurlar, çünki həyat şəraiti belə tələb edir. Almanı oğlan uşaqlarına alırlar, Mətanət isə at yox, "Porşe" minmək arzusu ilə yaşayır. Misir müəllim hələ az yazıbdır.

Kitabın bir yerində "Piri babanın piyaləsi sındı" cümləsi varmış, ekspertlər hesab edir ki, bu, əxlaqi baxımdan doğru deyil. Həqiqətən, elə çıxır Piri baba sərxoşluqla məşğuldur. Ancaq Piri baba 1-ci sinifə gedən nəvəsinin bu kitabını görəndən sonra dərddən içməsin, neyləsin?

73-cü səhifədə oğlunu Qarabağ uğrunda döyüşlərdə itirən Nağı babaya uşaqlar yemək aparırlar. Ekspertlər yazırlar: "Mətndən belə çıxır ki, şəhid atasının yeməyə heç nəyi yox imiş". Bəs nə yazılmalı idi? Bəlkə Nağı babanın səhər yeməyini Romada, naharı Parisdə elədiyi, istirahət üçün Mayami kurortuna getdiyi göstərilməli idi? Nə var onu yazıblar da! Uşaqları yalançı böyütmək olmaz.

Daha bir sitat: "Əxlaqi, etik məsələlərin əks olunmasında da çoxsaylı qüsurlar var. Demək olar ki, bütün mətnlərdə birincilər ya polisdən, ya nənədən, ya babadan, ya müəllimdən, ya da hansısa heyvandan qorxur, utanır, qızarır və pərt olurlar (səh.53, 59, 61, 90, 146, 149, 155)". Sitatın sonu. TQDK ekspertlərinin fikrincə, bu cür mətnlər uşaqlarda birinci sinifdən etibarən qorxaqlıq, pərtlik kimi keyfiyyətlər aşılayır.

Mən başa düşmürəm Abbaszadənin idarəsi bununla nə demək istəyir? Yoxsa dövlətçiliyimizi və sabitliyi dağıtmaq fikrindədirlər? Uşaq nə qədər qorxaq olsa, gələcəkdə bir o qədər layiqli vətəndaş kimi böyüyər. Doğrusu, nənə və babadan qorxmağı mən də qəbul eləmirəm, buna ehtiyac yoxdur. Əsas odur uşaq polisdən qorxsun. 1-ci sinif "Azərbaycan dili" dərsliyini yazanlara buna görə "1-ci dərəcəli Vətənə xidmətə görə" ordeni verilməlidir.

1-ci sinfin "Həyat bilgisi" dərsliyində isə uşaqlara belə sual verilirmiş: "Hansı ziyarətgahları tanıyırsınız?". Açığı, bu yerdə mənim daha sözüm yoxdur.

Yenə həmin "Həyat bilgisi"ndə yazıblar: "Məktəbimizin bütün mərtəbələrində qum var". Guya uşaqlara yanğın söndürmə qaydalarını aşılayırlar. "Qum yeşiyi" əvəzinə bu cür yazmaqla məktəbləri çimərlik kimi bir yerə döndəriblər.

Dərsliyin bədii tərtibatı da bərbad imiş. Məsələn, bir səhifədə saat 18:00-da pəncərədən Ay görünürmüş, 19:00-da isə hava işıqlaşırmış. Ola bilsin dərsliyin bu yerini çəkən rəssam mayya təqviminin təsiri altında olmuşdur.

Nəhayət, sən demə bizim 1-ci siniflərin "Riyaziyyat" dərsliyində "barqraf", "teliqraf" və "piktoqram" kimi sözlər var. Lənət şeytana... Barqrafın nə olduğunu bilən varsa, mənə də desin. Məşədi İbadın sözü olmasın, mən Tarixi-Nadiri yarıyacan oxumuşam, barqraf nədir bilmirəm, yazıq birincilər hardan bilsin... Bunu ora dürtüşdürməyə böyük ehtiyac var idimi?

Bu dərslikləri yazanların başına barqraf düşsün. (Güman edirəm nəsə ağır şey olmalıdır).