Ermənistan transmilli terrorçuların sığınacağına çevrilib - Fotolar

26 Avqust 2017 10:18 (UTC+04:00)

Hadisədən artıq 2 aydan artıq vaxt keçsə də, terrorçunun adı hələ də açıqlanmayıb və bu, özü-özlüyündə qəribədir. Çünki indiyədək Fransadakı analoji terror hadisələr zamanə cinayətkarların adları gizli saxlanmırdı. Bəs, bu dəfə nə baş verib?

Parisdə terror

Erməni terroru - terror deyil?

Fransanın "Parisien" qəzetinin yaydığı məlumata görə, sürücü nə sərxoş, nə də narkotiklərin təsiri altında olub. Söhbət erməni əsilli kişidən gedir - hadisə yerindən qaçan 43 yaşlı erməni sonra polis tərəfindən saxlanılıb. O bildirib ki, Parisdə bir müddət əvvəl terror aktları törətmiş radikallardan qisas almaq istəyirmiş...

İndiyədək Avropanın müxtəlif yerlərində baş verən terror aktlarından dərhal sonra şübhəli şəxslərin adları, milliyəti, dini baxışları haqda ətraflı məlumat yayan Qərb KİV-i bu dəfə diqqəti terrorçunun şəxsiyyətinə yönəltməyi lazım bilmədi. Axı, sükan arxasında oturub avtomobili dinc insanların üzərinə sürən şəxs Fransanın ərəb yox, erməni mənşəli vətəndaşı idi. Avropada isə daim erməni terroru haqda susmağa üstünlük veriblər, insan qırğınları ilə nəticələnən erməni cinayətlərinə göz yumulub, ittiham olunanlar isə sonradan sərbəst buraxılıb. Məhz bu ikili yanaşmanın nəticəsidir ki, ötən əsrin ortalarında erməni terroru olduqca böyük coğrafi məkanı bürümüşdü - SSRİ-dən tutmuş, Qərbi Avropa və Yaxın Şərqə qədər. 1977-ci ilin yanvarında Moskva metrosunda törədilmiş terror aktından sonra Ermənistan SSR-nin rəhbərliyi və onların Moksvadakı havadarları əllərindən gələni etdilər ki, bu qanlı cinayətdə erməni izinin olduğu gizlədilsin, mərkəzi mətbuatda isə terror haqda və onu törətmiş Akop Stepanyan, Zaven Baqdarasyan və Stepan Zatikyan haqda bir cümlə də yazılmasın.

Moskva metrosunda terror

Təxminən eyni vaxtda Avropa və Yaxın Şərqdə də terror dalğası qaldıran erməni təşkilatı ASALA 1973-1984-cü illərdə dünyanın müxtəlif ölkələrində Türkiyə diplomatlarına qarşı 23 terror cinayəti törədib, nəticədə 31 türk diplomatı həlak olub, onlarla insan yaralanıb. Lakin bu terroru təşkil edənlər ya məsuliyyətdən yaxa qurtarıb, ya da sonradan azadlığa buraxılıblar.

Ermənistan - terrorçuların sığındığı ölkə

Ötən əsrin 90-cı illərinin əvvəlindən etibarən erməni terror təşkilatları artıq yeni yaradılmış müstəqil Ermənistanın dəstəyinə də bel bağlaya bilirlər. Çünki müstəqillik əldə edəndən sonra Ermənistanın rəsmi dairələri "Daşnaksütyun", ASALA, "Erməni Azadlıq cəbhəsi" kimi terror təşkilatları fəallarının reabilitasiyasını özləri üçün, sanki prioritet sayırlar.

Yalnız bir neçə faktı xatırladaq.

1983-cü ilin iyulunda Parisdə Orli aeroportunda 8 nəfərin ölümü və 60 nəfərin yaralanması ilə nəticələnmiş terror aktına görə ömürlük həbs cəzasına məhkum edilmiş terrorçu Varocyan Qarabedyanın azad olunması üçün Ermənistanda dövlət səviyyəsində imzatoplama kampaniyası keçirilib və 2001-ci ilin aprelində Fransa məhkəməsi tərəfindən azad olunan terrorçu Ermənistanda rəsmi sığınacaq tapıb.

Məşhur terrorçu Monte Melkonyan da 1990-cı ildə Fransa həbsxanasından buraxılaraq Ermənistana gəlib və terror fəaliyyətini Dağlıq Qarabağda davam etdirib. Yeri gəlmişkən, bu gün Ermənistanın milli qəhrəmanı elan olunmuş bu terrorçunun adı Müdafiə Nazirliyinin diversiya mərkəzlərindən birinə verilib. Daha bir terrorçu, Daşnaksütyun partiyasının "Dro" terror qrupunun üzvü Qrant Markaryan da Dağlıq Qarabağda terrorçu dəstələri yaradanlardan biri olub.

Ən rüsvayçı hal isə Yerevanda Hitlerin əlaltılarından sayılan, Vermaxtın erməni cəza legionunun əsasını qoymuş Qaregin Ter-Arutunyana - faşist generalı Njdeyə abidənin açılışı və bu mərasimdə Ermənistan prezidenti Serj Sarqsyanın da iştirak etməsi olub.

Rəsmi Yerevanın dövlət səviyyəsində terrorçu və faşistlərə rəğbətindən danışarkən, Ermənistan rəhbərliyində təmsil olunan şəxslərlə terrorçu liderlər arasındakı oxşarlıqlara diqqət yetirmək lazımdır. Əli minlərlə günahsız insanın qanına bulaşmış Njdeyə səcdə edən Ermənistan rəhbərliyinin özünün əlləri günahsız Xocalı sakinlərinin qanına batmayıbmı? Kütləvi soyqırımı, etnik təmizləmələrə şəxsən iştirak etmiş və bunu fərəhlə bəyan edən S.Sarqsyanın faşist generalına və "qəhrəman-terrorçulara" abidə ucaltması qəribədirmi? Məhz Serj Sarqsyan, Robert Koçaryan kimi insanların sayəsində bu gün Ermənistanda terror daxili siyasi mübarizənin, az qala, leqal vasitələrindən birinə çevrilib. Parlamentin binasında öz opponentlərini güllələmək, paytaxtın mərkəzində polis bölməsini ələ keçirərək siyasi tələblər irəli sürmək, işğal altında olan Dağlıq Qarabağdan Yerevana qeyri-qanuni silahlı dəstələr gətirərək siyasi müxalifətə hədə qorxu gəlmək - bütün bunlar Ermənistanda siyasi mübarizə metodu sayılır.

Faşist generalı Njdenin abidəsi önündə

Digər tərəfdən, Serj Sarqsyan Ermənistanda iqtiara öz biliyi, savadı, intellekti, dünyagörüşü və ağlı sayəsində deyil, millətçi kütlənin gözündə yaratdığı "azərbaycanlıları məhv edən qəhrəman" obrazı və rəhbərlik etdiyi qanunsuz silahlı birləşmələr hesabına yiyələnib.Sarqsyanın siyasi ambisiyalarını reallaşdırmaq üçün ilkin kapitalı necə topladığı da yaxşı məlumdur-işğal olunan azərbaycanlı kəndlərindən talan edilən və Ermənistana daşınan ev əşyaları və mal-qaradan əldə olunan gəlirin həcmi yüz milyonlarla ölçülürdü.

Erməni ictimaiyyəti qeyri-erməninin prezidentliyini qəbul edirmi?

Bu talandan gələn "kapital" olmasa Sarqsyanın sonrakı taleyi necə olardı? Axı, nəinki Ermənistan sakinləri, Dağlıq Qarabağ erməniləri belə onu heç zaman "özününkü" hesab etməyiblər və bunun da səbəbləri var. S.Sarqsyan hakimiyyətə gələndən sonra öz nəsli haqda həqiqətləri ört-basdır etməyə çalışsa da, erməni mənbələrindən məlum olur ki, Ermənistanın hazırkı prezidentinin anası milliyətcə qaraçı olub və vaxtilə zəngin bir ailədə xadimə kimi saxlanılıb. Onun ağa ilə münasibətləri nəticəsində doğulan Serj yalnız sonradan "rəsmiləşdirilib" - ağa kənizinin Azat Sarkisov adlı erməniyə ərə verib və sonradan Azat bu qadının uşaqlarına "atalıq" edib. Üstəlik, onun həyat yoldaşı Rita Sarqsyan da milliyətcə erməni yox, yezidi kürdüdür. Bu gün opponentləri Sarqsyana qarşı bu faktordan istifadə etməyə çalışırlar. Axı, monoetnik ölkə olan Ermənistanda başqa millətlərə yanaşmada daim qeyri-tolerantlıq hökm sürüb. Və özü əslən qaraçı, yoldaşı isə yezidi olan insanın ölkəyə rəhbərlik etməsi ifrat millətçiliyin hökm sürdüyü Ermənistanda etirazla qarşılanır.

Erməni qaraçısı-boşa

Kriminal korrupsiya

Ermənistanın üzləşdiyi siyasi və iqtisadi böhran hakim klanın mövqelərini daha da laxladır. Erməni Strateji və Milli Təhqiqatlar Mərkəzinin direktoru Manvel Sarkisyan ölkənin bugünkü durumunu belə şərh edir: "Bizdə artıq feyk (saxta-red.) dövlət formalaşıb. Hətta Müstəqillik Bəyannaməsi də feykdir, Konstitusiya da feykdir".

Saxta dövlət termini, doğrudan da müasir Ermənistan üçün olduqca aktual səslənir. Ölkənin başqa dövlətin forpostuna çevrildiyi ən yüksək səviyyədə etiraf olunur, dövlətin əsas atributlarından olan silahlı qüvvələr belə başqa ölkənin ordusunun bir hissəsinə çevrilib, ən strateji iqtisadi obyektlər xarici dövlətin nəzarətinə verilib, ölkə müstəqil xarici siyasət yürütmək imkanından məhrum edilib, dövlət başçısı isə taleyüklü məsələlərlə bağlı qərar qəbul etmək iqtidarında deyil. Bütün bunlar azmış kimi, qurulmuş kriminal korrupsiya sistemi ölkəni müasir təhlükələr qarşısında daha da aciz edir. Bu sistem yalnız bir məqsədə xidmət edir - hakim rejimin zənginləşməsi! Təsadüfi deyil ki, Ermənistanda qalmış azsaylı müəssisələrin, demək olar ki, hamısı Sarqsyana və onun yaxın ətrafına məxsusdur, ölkədə xaricdən gələn pul axını da yalnız bu istiqamətə yönəldilib.

Xarici təşkilatların hesablamalarına görə, son 10 ildə Ermənistandan qeyri-qanuni yolla 7,5 milyard dollar çıxarılıb və bu vəsait prezidentin və onun komandasının hesablarındadır. Təsadüfi deyil ki, Ermənistanın müstəqillik qazanmasından bəri ölkəyə yüz milyonlarla dollar göndərən diaspor, artıq "tarixi vətənə" maddi yardım etmək istəmir. Çünki diaspor ölkənin "güclənməsi və çiçəklənməsi" üçün ayrılan vəsaitin, əslində S.Sarqsyanın və onun ailəsinin cibinə axdığının fərqindədir. Ermənistanda hakimiyyətə gəlmək üçün "Qarabağ kartı"ndan istifadə etmiş Sarqsyan, zənginləşmək üçün də eyni kartdan istifadə edir. Hələ Ermənistanın baş naziri olduğu dövrdə diaspordan gələn vəsait hesabına özünə Moskva ətradında zavodlar almış Sarqsyan iddia edirdi ki, güya bu müəssisələrdən əldə olunan gəlir hesabına ölkənin müdafiə sahəsinə büdcədənkənar yardım edilir. Amma prezident seçildikdən sonra Sarqsyan bu zavodları satıb pulunu ABŞ-da ipotekə və mənzil bazarına yönləndirdi. Deyilənə görə, bu işdə ona ABŞ-ın Ermənistanda səfirləri olmuş Mari Yovanoviç və Jon Xeffern də kömək ediblər.

Sarqsyan prezident seçildikdən sonra da iri biznesi ələ almaq üçün "Qarabağ kartı"nı qabardır. Erməni mənbələrinin məlumatına görə, ölkə başçısı bütün iri şirkətlərə haqq qoyub və payın 40%-nə sahib çıxır. Və yeni də iddia olunur ki, guya bu vəsait ordu üçün silah-sursat almağa xərclənir.

Ermənistanda qurulmuş kriminal korrupsiya sisteminin ən üzdə olan simalarından biri prezidentin qardaşı Aleksandr Sarqsyandır. Dağlıq Qarabağda avtobus sürücüsü olmuş bu adamı bu gün Ermənistanda hamı "Saşik 50%" adlandırır, çünki prezidentin qardaşı istənilən biznes işini "həll etmək" üçün gəlirin yarısına sahib çıxır. Ermənistanda hamı yaxşı bilir ki, Yerevanda "Saşik"in xoşuna gələn istənilən restoran dərhal payın yarısını ona verməlidir. Əks təqdirdə, bütün restoran əldən çıxa bilər.

Aleksandr Sarqsyan

Məsələn, populyar "Vanadur" restoranının sahibi Ardon Xandoyan prezidentin qardaşının təzyiqlərinə rəğmən biznesini ona güzəştə getmək istəmədiyindən, şəhərin mərkəzində qətlə yetirildi.

Serj qardaşını təltif edir

Xaricdəki erməni mənbələrinin məlumatına görə, "Saşik" təkcə ABŞ-a 200 milyon dollar köçürüb və Kaliforniyada milyonlarla dollar qiymətində olan villa sahibidir. Bundan başqa, onun Rusiya, İspaniya, Çexiya və Bolqarıstanda da biznesi var. Qoyunçuluq və meyvə idxalı sahələri də prezidentin qardaşının monopoliyasındadır. Nəhayət, Ermənistan yollarında quraşdırılmış kamera va radarlar faktiki olaraq "Saşiko"nun şəxsi biznesidir - cərimə şəklində yığılan vəsaitin yalnız 30%-i dövlər büdcəsinə gedir, 70% isə prezidentin qardaşının cibinə axır.

Prezidentin digər qardaşı Levon Sarqsyan elitar inşaat sahəsinə nəzarət edir və fırıldaqçılığı ilə ad çıxarıb. Sxemi isə sadədir - prezidentin adından istifadə edərək xaricdən sərmayə cəlb etmək və sonra vəsaiti mənimsəmək.

Nəhayət, Serj Sarqsyanın kürəkəni, "Mişik" ləqəbli Mixail Minasyan da bu korrupsiya sxemində mühüm həlqələrdən biridir. Ermənistanın KİV sahəsinə tam nəzarət edən "Mişik" "Panarmenian", Armenia TV, Hay TV, ATV, tert.am, news.am, blognews.am, asekose.am və digər media qrup və onlayn nəşrləri nəzarətdə saxlayır. Minasyan ailənin çirkli pullarının yuyulması sxemində mühüm rol oynayır. Bir neçə il əvvəl onun gözlənilmədən Vatikana səfir təyin olunması da bu sxemlə bağlıdır: kürəkənə ailənin pullarının Avropa banklarında yerləşdirməsi tapşırılıb. Bu işdə ona ölkənin Böyük Britaniyadakı səfiri Armen Sarqsyan kömək edir.

Bir sözlə, bugünkü Ermənistan doğrudan da çox miskin təsir bağışlayır - bütün regional layihələrdən kənarda qalan, qapalı sərhədlər içində boğulan, ölkənin böyük iqtisadi müəssisələri Rusiyanın, xırda müəssisələri isə Serj Sarqsyanın ailəsinin əllində olan yoxsul, səfil, işsizliyin fəlakət həddinə çatdığı ölkə. Bütün bu proseslər ölkəni həm də demoqrafik fəlakətə doğru sürükləyir. BMT-nin dünya ölkələrində demoqrafik vəziyyət və əhali artımının dinamikası ilə bağlı hesabatına əsasən, hazırda 3,018 milyon nəfərin yaşadığı Ermənistanın əhalisi 2030-cu ildə 2,993 milyon, 2050-ci ildə 2,729 milyon təşkil edəcək...

Müasir İrəvan

Kamran Həsənov, politoloq