M. Əliyevanın nəcib layihə və təşəbbüsləri sosial müdafiə siyasətinin güclənməsinə mühüm töhfələr verir - Nazirlik (Fotolar)

26 Avqust 2017 11:22 (UTC+04:00)

AzNews.az “APA”ya istinadən xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların, sosial cəhətdən həssas qruplardan olan insanlara diqqət və qayğının artırılmasında, onların hərtərəfli təminatında və reabilitasiya xidmətləri ilə əhatə olunmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın nəcib layihə və təşəbbüsləri xüsusi önəm kəsb edir.

“Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 1 saylı və 2 saylı Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində 330 nəfər uşaq hərtərəfli dövlət təminatında yaşayır. Mehriban xanım Əliyevanın sağlamlıq imkanları məhdud uşaqlara xüsusi diqqət və qayğısı bu müəssisələrdəki uşaqların da hərtərəfli təminat səviyyəsinin yüksəlməsinə imkan verib. Heydər Əliyev Fondunun “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində həmin müəssisələrdə əsaslı təmir və yenidənqurma işləri aparılmaqla, uşaqların normal yaşayışı, tibbi və sosial yönümlü reabilitasiya tədbirlərinə cəlb edilmələri üçün ən müasir tələblərə uyğun şərait yaradılıb. Hər iki müəssisədə uşaqlara müəyyən bacarıq və vərdişlərin aşılanması üçün müxtəlif dərnək və mini emalatxanalar da fəaliyyət göstərir. Bu müəssisələrdəki uşaqların cəmiyyətdəki digər həmyaşıdları kimi bərabər imkanlara malik olmaları, onların asudə vaxtlarının səmərəli keçməsi, gəzintilərinin, onlar üçün mədəni tədbirlərin, şənliklərin və s. təşkili sahəsində də Fondun təşəbbüsü və dəstəyi ilə müxtəlif işlər görülür. Mehriban xanım Əliyevanın “Ən müasir internat məktəbi və ən yaxşı uşaq evi ailəni əvəz edə bilməz” sözləri de-institusionalizasiya sahəsində həyata keçirilən tədbirlərin əsas devizidir. 1 saylı və 2 saylı Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində də bu sahədə işlər aparılır. Təkcə bu ilin ötən dövründə həmin müəssisələrdən 20 nəfərə yaxın uşaq doğma ailə mühitinə qayıdıb”, - deyə məlumatda vurğulanıb.

Nazirlikdən bildirilib ki, Heydər Əliyev Fondunun dəstəyi ilə Bakının Yeni Günəşli yaşayış massivində yaradılaraq 2011-ci ilin aprelindən fəaliyyətə başlayan Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsi ölkəmizdə sağlamlıq imkanları məhdud uşaqlar üçün tibbi-sosial reabilitasiya imkanlarının artırılmasına, bu sahədə yüksək standartlara uyğun infrastrukturun formalaşdırılmasına mühüm töhfədir. Bildirilib ki, müəssisədə hər il 400 nəfərədək uşağa dünya psixoterapiya praktikasında özünü doğrultmuş qum terapiyası, habelə artterapiya üsullarından, müalicəvi vannalardan və s. istifadə şəraitində reabilitasiya xidmətləri göstərilir: “Uşaqların psixoloji və fiziki imkanlarının qiymətləndirilməsi əsasında, onların fərdi reabilitasiya planları əsasında müalicəsi təşkil edilir. Onlar sosial mühitə oriyentasiya məqsədli sınanmış tədris metodlarına, sosial reabilitasiya yönümlü effektiv prosedurlara cəlb edilirlər. Əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasının dəstəklənməsi Heydər Əliyev Fondunun fəaliyyət istiqamətləri sırasında önəmli yer tutur. Son illərdə Fondun müvafiq layihəsi çərçivəsində respublikamızın Naxçıvan, Gəncə və Yevlax şəhərlərində Regional İnformasiya Mərkəzləri yaradılaraq istifadəyə verilib. Ölkəmizdə əlilliyi olan şəxslərin inteqrasiya imkanlarının daha da genişlənməsinə səbəb olan bu mərkəzlərdə əlilliyi olan şəxslər İKT-dən istifadə imkanları əldə edir, onlara Brayl əlifbası ilə nəşr olunmuş kitablar təqdim olunur. Həmçinin mərkəzlərdə nitq və eşitmə qabiliyyəti məhdud olan şəxslər üçün filmlərin nümayiş olunduğu kinozallar, əqli cəhətdən zəif insanlar üçün zehni inkişaf etdirən kompüter oyunu otaqları fəaliyyət göstərir”.

Məlumatda o da qeyd olunub ki, Heydər Əliyev Fondunun əlilliyi olan şəxslərlə bağlı nəcib layihələri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzini də əhatə edir: “2013-cü ilin dekabrında Azərbaycan prezidenti İlham Əliyevin və Azərbaycanın birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın iştirakı ilə açılışı olan bu müəssisə sağlamlıq imkanları məhdud gənclərin peşə reabilitasiyasında, həmçinin onların yaradıcılıq potensiallarının inkişaf etdirilməsində mühüm rola malikdir. Fondun müvafiq layihələri çərçivəsində Mərkəzdə peşə təlimində olan gənclərin əl işlərindən ibarət sərgilər təşkil olunur, onların cəmiyyətə tanıdılması sahəsində tədbirlər həyata keçirilir”.

Fondun humanist təşəbbüsləri əsasında həyata keçirilən böyük sosial əhəmiyyətli layihələrdən biri də ölkəmizdə dövlət uşaq müəssisələrinin məzunu olan, hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum gənclərin mənzillərlə təmin olunmasıdır. Cəmiyyət tərəfindən rəğbət hissi ilə qarşılanan bu humanist tədbir çərçivəsində Abşeron rayonunda hər biri 120 mənzilli iki yaşayış binası qeyd olunan kateqoriyadan olan gənclərin istifadəsinə verilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Məzun evi” kimi fəaliyyət göstərən bu yaşayış binalarında onların hər birinə müasir tələblərə uyğun yaşayış şəraitinə malik mənzillər təqdim edilib. Qeyd edilən təbəqədən olan gənclər üçün hazırda həmin ərazidə daha bir 120 mənzilli yaşayış binası da inşa olunur.

“Heydər Əliyev Fondu tərəfindən görülən bu işlər, eləcə də əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə fəal inteqrasiyası məqsədilə həyata keçirilən digər layihələr Azərbaycanda sosial müdafiə siyasətinin daha da güclənməsinə və onun əhatə dairəsinin genişlənməsinə mühüm töhfələrini verir”, - deyə məlumatda vurğulanıb.

AzNews.az