İran dini liderinin “bomba haramdır” fitvası ABŞ-ı razı salıb

18 Fevral 2013 13:22 (UTC+04:00)


İranın dini lideri Ayətullah Xamneyi atom bombasının haram olduğunu deyib. Dini liderin belə bir fikir səsləndirməsi isə Ağ Ev tərəfindən də müsbət reaksiya ilə qarşılanıb. Bildirilir ki, ABŞ Ayətulah Xamneyinin fitvasının rəsmi sənəd kimi qəbul edilməsi üçün BMT-yə müraciət edəcək. İsrailin "Debka" saytının yaydığı məlumata görə, rəsmi Vaşinqton bu fitvanın BMT tərəfindən dəstəklənməsi ilə İrana atom bombası hazırlanması üçün yasaq qoyulmasına nail olmağa çalışır. Amma rəsmi Təl-Əviv Amerikanın bu addımından məmnun deyil.

Baş verənlərlə bağlı danışan politoloq Vəfa Quluzadə AzNews.az-a bildirib ki, İrandan başqa hansısa digər nüvə ölkəsi belə bir fikir səsələndirmədiyindən ABŞ da rəsmi sənəd həddinə gətirməyə çalışdığı sənədin İrana şamil olunmasına çalışır:

"ABŞ İranla müharibə etmək istəmir. Belə olan halda isə Amerika İranın dini liderinin belə bəyanat verməsindən çox şaddır. Ağ Evin nəyinə lazımdır, bütün Yaxın Şərqin stabilliyini pozsun, o böyüklükdə dövlətə, xalqa zərbə vursun".

V.Qulyzadənin sözlərinə görə, Vaşinqton İsrailə, həmçinin də ABŞ-ın Yaxın Şərqdəki müttəfikləri olan Ərəb Əmirliklərinə təhlükənin yaranmasını istəmir:

"Əgər İran nüvə silahını əldə etməyəcəksə heç onunla müharibə etmək də lazım gəlməyəcək. Müharibə o zaman labüd ola bilər ki, İran nüvə silahını əldə edəcəyini bəyan edər. Amerikanın iranlı dini liderin fikirlərini müsbət qarşılamasından İsrailin narazı qalmasına gəlincə, İsrail istəyir ki, ABŞ bu dəqiqə İranı məhv etsin. Amma İsrail anlamalıdır ki, İranı tamamilə məhv etmək mümkün deyil".

Gültəkin
AzNews.az