İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin əmək nazirləri Bakıda toplaşacaq

18 Fevral 2013 17:09 (UTC+04:00)
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə cari il aprelin 23-24-də Bakıda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin əmək nazirliklərinin yüksək səviyyəli rəsmilərinin iclası, aprelin 25-26-da isə əmək nazirlərinin konfransı keçiriləcək.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, hər iki tədbir İƏT ölkələri arasında əməkdaşlıq üçün dayanıqlı platformanın inkişaf etdirilməsi, mütərəqqi ideya və innovasiyaların təqdimat və mübadiləsi, habelə Azərbaycanda əmək bazarının inkişafı, işsizlik səviyyəsinin azaldılması və əhalinin rifah halının yaxşılaşdırılması sahəsində həyata keçirilən tədbirlərin təbliği məqsədinə xidmət edir.

Qeyd edək ki, 10 sentyabr 2011-ci il tarixində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzv dövlətlərinin əmək nazirlərinin Türkiyə Respublikasının İstanbul şəhərində keçirilmiş ilk görüşündə müzakirə olunan əməkdaşlıq perspektivlərinin davamlılığının təmin olunması məqsədilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən növbəti konfransın Azərbaycanda keçirilməsi barədə təşəbbüs irəli sürülüb. Təşəbbüs yekdilliklə dəstəklənmiş və qeyd olunan tədbirlərin Bakıda keçirilməsi ilə bağlı İƏT Katibliyi ilə nazirlik arasında razılıq əldə olunub.

AzNews.az