Atalığından 6 aylıq hamilə olan 12 yaşlı qız danışdı: “Hamiləlikdən qurtulmaq istəyirəm”

12 Sentyabr 2017 17:21 (UTC+04:00)

Bunu AzNews.az-a açıqlamasında Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bildirib. Onun sözlərinə görə, rəsmi məktub əsasında 12 yaşlı uşağın anası ilə görüşub:

“Birinci növbədə mənə uşağın vəziyyəti maraqlıdır. Ana bildirdi ki, qızı çox narahatdır. Uşaq anasına deyib ki, “Mən bu hamiləlikdən nə vaxt qurtaracam? Buna son qoysunlar. Mən normal həyatıma qayıtmaq istəyirəm”. Bundan əlavə ananın özünün də durumu pisdir. Uşağına qarşı dəhşətli cinayət törədilib. Söhbət burada 12 yaşlı uşağın əməliyyat olunmasından gedir. Mütləq qaydada uşaqla psixoloqlar danışmalıdır. Bizim təşkilat bu sahədə kifayət qədər təcrübəyə malikdir. Amma mənə uşaqla danışmaq üçün icazə vermədilər”.

Kəmalə Ağazadə bildirib ki, atalığından hamilə qalan 12 yaşlı uşaqla görüşmək üçün ondan Səhiyyə Nazirliyinin rəsmi icazəsini istəyiblər:

“Əslində bu qərarın özü səhvdir. Uşağın qəyyumu anasıdır. Anası icazə verirsə Səhiyyə Nazirliyinin icazəsinə ehtiyac qalmır. Uşağa diqqət və qayğı göstərilir. 22 həftəyə qədər hamiləliyin dayandırılması tənzimlənir. Amma 22 həftədən sonra hamiləliyin dayandırılmasında problemlər yaranır. Yetkinlik yaşına çatmayanlarla bağlı qanunlar var".

Kəmalə Ağazadə ana ilə görüşdə özünə qarşı bir qıcıq hiss etdiyini vurğulayıb: “Sanki qorxurlar ki, mən uşaqla söhbətdə nəsə öyrənməyə çalışaram. Uşağın psixoloji durumunu qiymətləndirmək istəyirəm. Bu uşağı əməliyyata qədər hazırlamaq istəyirəm. Biz zaman itiririk”.

Bahar RÜSTƏMLİ

AzNews.az