İranlı deputatdan Azərbaycana yönəlik sərsəm açıqlamalar

19 Fevral 2013 11:52 (UTC+04:00)



İranın İslam Şura Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının vitse-prezidenti, deputat Mənsur Həqiqətpurla Azərbaycan Milli Məclisinin üzvü, YAP icra katibinin müavini Siyavuş Novruzov arasında virtual debat davam edir. Modern.az bildirir ki, iranlı deputat S.Novruzovun ona verdiyi cavabdan qəzəblənərək yenidən deputata müraciət edib.

Bakıya göndərdiyi müraciətində deputat Mənsur Həqətpurun ironiyası və Azərbaycan dövlətinə qarşı sayğısızlığı, məkrli siyasi mesajları sadəcə təəssüf doğurur.

Ötən dəfədən fərqli olaraq bu dəfə Həqiqətpur azərbaycanlı millət vəkilinə "Azərbaycan Respublikası parlamentinin deputatı cənab Siyavuş Novruzov" deyə müraciət edib.

S.Novruzovu "islami ədəb və əxlaq qaydalarına riayət etməməkdə" suçlayan Mənsur Həqiqətpur deputatın onu "yalançılıqda" təqsirləndirməsindən qəzəblənib.

"Yazdığım mövzulara cavab vermək əvəzinə məni yalançılıqda ittiham etməyini gözləməzdim. Əgər müsəlmansansa – mən müsəlman olmağına əminəm – görək öz din qardaşına yalançı töhməti vurmayasan. Bu, badkubəli bir azərbaycanlıdan uzaqdır. Əminəm ki, mənim azərbaycanlı bacı-qardaşlarım töhmət və iftira əhli deyillər. Onlar məhəbbətli, ədəbli və mehriban insanlardır, həmişə onların yanında özümü yaxşı hiss etmişəm, əsasən də Qarabağ müharibəsində".

Daha sonra ötən dəfəki müraciətində "Novruzxan" xitabına toxunan iranlı deputat inandırmağa çalışıb ki, azərbaycanlı millət vəkilinin adı və soyadı qədim dastanları ona xatırladır.

""Novruz" biz iranlıların böyük bayramıdır, siz azərbaycanlılar da bu böyük mədəniyyətin bir hissəsi hesab edilirsiniz. Onun da zəhmətini mən sənin üçün çəkmişəm və sonsuz hörmətlə sizə "Novruzov" əvəzinə, "Novruzxan" deyə xitab edirəm. Doğrudan, Novruzxan, "ov"u haradan gətirmisiniz? Sizin əcdadlarınız bu sonluqlardan istifadə ediblər? İstəyirsən, bu məsələni də müzakirəmizin mövzuları sırasına daxil edək?"-deyə iranlı deputat təklif edib.

Daha sonra azərbaycanlıların böyük mədəniyyət və svilizasiyaya bağlı olduğunu vurğulayan Həqiqətpur yazıb ki, "keçən iki əsrdə bu mədəniyyət və svilizasiyanı sizin əlinizdən almağa çalışdılar. Əlifba və milli təqviminizi əlinizdən aldıqları kimi, sizin kimliyinizi yağmalamaq istədilər. Araşdırdıqda başa düşəcəksiniz ki, sizin əcdadlarınız mehriban, ədəbli, həqiqət axtaran və həqiqi müsəlmanlar olublar. Amma cənab-ali indi aşkara yalan danışır və töhmət vurur. Sizə nə olubdur?!".

"Cənab Novruzxan, Quranın adını çəkmisiniz. Sevinirəm ki, heç olmasa müsəlmanların səmavi kitabının adını bilirsiniz. Quran əsasında həmsöhbət olmağımıza hazırsanmı? Siz illərdir ki, Quran əlifbasını itirmisiniz, onun əvəzində kiril və latın əlifbasını almısınız. Bunun səbəbi barədə düşünmüsünüz yaxud təkcə iftira atmağa və töhmət vurmağa öyrəşmisiniz?".

Düşmənçilik deyil dostluq əsasında danışdığnı idda edən M.Həqiqətpur S. Novruzovun ötən dəfə dediyi "əxlaqsız yuvalarınız mədsrəslərdən çox idi" sözlərindən daha da hiddətlənib.

"Cənab Novruzxan, öz cavabında böyük səhvə mürtəkib olub, İranın tarix yaradan xalqını təhqir etmisən və iddia etmisən ki, İran İslam İnqilabından qabaq İranda fəsad mərkəzlərinin sayı mədrəsələrdən çox olubdur. Bu dəfə də yanlışlıq taktikasından istifadə edib pəhləvi rejiminin anti-İslam siyasətlərini İran xalqına nisbət vermək istəmisən. Bu da sizin İranın durumundan məlumatsız olmağınızı göstərir. Ona görə də yaxşı olar ki, siz İranın dünəni barədə narahat olmayasınız".

Milli Məclisin deputatının "Azərbaycanın işğal olunan ərazilərində bütün evləri söküb talayan məhz İran vətəndaşları oldu. Onlar azərbaycanlıların evlərini, yurdlarını darmadağın elədilər" sözləri İranlı deputatı özündən çıxarıb.

"İran azərilərinə Qarabağ azərilərinin evini talamaq töhməti vurduğun sözün aqibətinin nə ilə nəticələnə biləcəyini başa düşürsənmi? Bilirsənmi, insaf və insanlığın əksinə olan bu yalan iddia Qarabağ barədə indiyə qədər deyilməyənlərin üstünün açılmasına müqəddimə ola bilər? Və o vaxt gərək sən parlamentdə iştirakının xeyrindən keçib, tənhalığı seçəsən?"-deyə Həqiqətpur hədə-qorxu gəlməkdən çəkinməyib. Daha sonra o belə davam edib:

"Qarabağ barədə geniş materiallarım vardır ki, üz-üzə görüşdə yaxud sonrakı məktublarımda sənəd, video-çarx və fotoşəkillər əsasında onlardan söhbət açacağam. O məktublarda Qarabağa xəyanət edənlərin və Qarabağı satanların kimlər olmasını açıb deyəcəyəm".