"Düşünmədim ki, "Tikim sizin ağzınızı" sözünü başqa mənaya yozarlar" - Elza

13 Sentyabr 2017 19:30 (UTC+04:00)

AzNews.az Axşam.az-a istinadən xəbər verir ki, “Show time” verilişinin qonağı olan müğənni yeni şeiri barədə bu sözləri deyib:

“Tikim sizin ağzınızı” şeirimdən sonra insanların ağzı açıldı. Elə insanlar var ki, onların ağzından söz tökülür. Deyim var ki, “Ağzını aç, səni tanıyım”. Mən adi insanlardan incimirəm. Bütün hər şeyi adi insanların üzərinə atırlar. Deyirlər ki, sosial şəbəkədə məni tənqid edirlər. Amma mən nə qədər ədəbiyyat müəllimləri tanıyıram ki, ağlayaraq mənə zəng edib deyilər ki, "Niyə sizin şeirlərinizi belə təqdim edirlər? Siz onu fəlsəfi mənada yazmısınız, amma nədənsə onu yozurlar". Biz məşhurlar nümunəyik. Gərək insanları başqa istiqamətlərə yönləndirməyək”.

Seyidcahan şeirin başqa mənaya yozulmasına əsəbiləşmədiyini söyləyib:

“Sənət yozulmaq üçündür. Yozsunlar, amma onun fəlsəfəsini anlasınlar. Özlərinə yazar deyənlər bunun mənasını açmadılar, əksinə barəmdə kampaniya qurdular. Dedilər, Elzaya yol verməyək ki, belə şeirlər yazsın. Onların adlarını çəkməyəcəm. Onlar şeir yazırlar, amma ədəbi dildə danışa da bilmirlər. Mən bu şeiri yazanda düşünmədim ki, belə mənaya yozacaqlar. Yozmaları heç məni maraqlandırmır. Deyirlər ki, filan sözü işlətmə, oğlanlar arasında belə pis səslənir. Bu hallara əsəbiləşirəm. Azərbaycan dilində bəzi sözlər var ki, terminləşdiriblər. Niyə? Niyə mən öz dilimdə rahat danışmamalıyam?".

Sənətçi bildirib ki, onun tənqidçiləri ailə üzvləridi:

“Mənim ən böyük tənqidçim özüm, anam, daha sonra bacılarım, dayılarım və övladlarımdır. Tənqid mənim tərbiyəmdir. Uşaq vaxtı bizim evə qonaq gələndə və gedəndə anam bizi döyərdi. Yəni deyərdi ki, qonaq yanında elə oturmaq, elə danışmaq, bir sözlə elə davranmaq olmaz. İndi də insanlarla münasibət qurarkən özümü tənqid edirəm”.