- Ənənəvi olaraq Çexiyanın, əsl reallıqda isə ermənilərin, Ermənistanın maraqlarına xidmət edən PİN təşkilatının həmin tədbirə gətirdiyi bir neçə azərbaycanlı, həmçinin Ermənistan nümayəndə heyəti tərəfindən panel müzakirələrində Azərbaycan əleyhinə əsassız fikirlər səsləndirildi. Misal üçün, media və söz azadlığı ilə bağlı paneldə erməni nümayəndə heyətinin rəhbəri çıxış edib dedi ki, 136 əcnəbi jurnalistin Azərbaycana girişinə qadağa qoyulub, onlar "qara siyahı”ya salınıb. O, buna səbəb kimi həmin şəxslərin Dağlıq Qarabağa səfər etməsini göstərdi. Ermənistan nümayəndəsi bunu söz azadlığının pozulması kimi qələmə verməyə çalışdı. Belə təqdimat həmin tədbirdə Azərbaycanla bağlı ritorikanı dəyişmək cəhdi idi. Təbii ki, bu, çox uğursuz bir cəhd idi. Azərbaycanın həm rəsmi nümayəndəsi, həm də vətəndaş cəmiyyətini təmsil edən şəxslər Ermənistan nümayəndəsinin bu çıxışının, iddiasının əsassız olduğunu qeyd etdilər. İstənilən suveren dövlət, hətta işğalçı Ermənistan özü də onun ərazisinə qanunsuz keçən, sərhədini pozan şəxsi "qara siyahı”ya salır. Bu, adi bir prosedurdur. Əgər belə yanaşma həqiqətən də söz və media azadlığının pozulmasıdırsa, o zaman bu cür ən uzun "qara siyahı” Ukraynaya məxsusdur və həmin dövlətin adı tədbirdə hallandırılmalı idi. Hər hansı ölkənin dövlət sərhədini pozaraq ora keçənləri qara siyahıya salmaq heç bir halda demokratiyaya zidd addım deyil. Bu, hər bir dövlətin suveren hüququdur. Bundan başqa, PİN-in həmin tədbirə gətirdiyi azərbaycanlılar, yaxud erməni nümayəndə heyəti tərəfindən son vaxtlar bəzi Qərb mediasında Azərbaycanla bağlı səsləndirilən iddialar, xüsusən də bəzi Qərb siyasətçilərinin pulla ələ alınması məsələsi də gündəmə gətirildi. Misal üçün, özünü hüquq müdafiəçisi adlandıran Emin Hüseynlinin Azərbaycan hökumətinin az qala bütün Avropa liderlərini satın alması barədə çıxışı gülünc səsləndi. O, çıxışa növbəsiz yazılmışdı. Halbuki siyahı qapanmışdı və ora kiminsə yazılması gözlənilən deyildi. Mən Eminə cavab olaraq çıxışımın sonunda ironik şəkildə bildirdim ki, burada mənim "dostum” Emin indicə bütün Avropa və ABŞ liderlərini, parlament üzvlərini, beynəlxalq təşkilatların rəhbərlərini pula satılan adlandırdı. Deməli, bütün Avropa liderlərini pulla almaq olar? Onda Eminin burada növbəyə yazılmadan növbədənkənar çıxış eləməsinə diqqət çəkmək istərdim. Bilmək istərdim buna görə o, Sizə nə qədər pul ödəyib? Bu ironiya zalda böyük gülüşə səbəb oldu. Bununla onlara demək istədim ki, sizin yaratdığınız beynəlxalq şəbəkə, təşkilat və ya media qurumu hansısa öz cılız məqsədinə çatmaq üçün bax beləcə sizləri gülünc vəziyyətinə salır, biabır edir.
- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın təcavüzkarlıq siyasəti, bundan irəli gələn məsələlər də tədbirdə müzakirə obyekti oldumu?
- Əlbəttə oldu. Ermənilər cəbhə xəttində yaşanan son olaylardan, xüsusən də 2 yaşlı Zəhranın və onun nənəsinin həlak olması faktından da öz məqsədləri üçün yararlanmağa cəhdlər etdilər. Milli münasibətlərin müzakirə olunduğu paneldə rəsmi nümayəndə heyətimiz, QHT və media mənsublarımız Ermənistanın monoetnik bir ölkə olmasını diqqətə çatdırdılar. Ermənistanda başqa xalqların sıxışdırılması məsələsi önə çəkildi. Çıxışım zamanı mən də qeyd etdim ki, Ermənistan yalnız öz ərazisində deyil, işğal etdiyi və bu günə qədər də işğal altında saxladığı Azərbaycan ərazilərində də monoetnik siyasət həyata keçirir. Dağlıq Qarabağ və ətraf ərazilər işğal olunana qədər ermənilərlə bərabər, böyük sayda azərbaycanlılar, ruslar, kürdlər, mexseti türkləri və sair millətlər də yaşayırdılar. Ancaq bu gün həmin işğal olunmuş ərazilərdə yalnız az sayda ermənilər məskunlaşdırılıb. Digər millətlərin nümayəndəsinin hamısı qovulub, əmlakları əllərindən alınıb. Sadalanan bu faktlar qarşılığında Ermənistan nümayəndə heyəti susmağa üstünlük verdi. Tədbir boyunca dəfələrlə girov götürülmüş vətəndaşlarımızla bağlı çıxışlar da oldu. Vətəndaş cəmiyyəti təmsilçiləri Azər Həsrət, Günel Səfərova, Əhməd Şahidov ermənilərin işğalçı siyasətini ifşa edən çıxışlar etdi və sonda erməni tərəfi hətta cavab hüququndan belə istifadə etmədi. Erməni yalanı bizim həqiqətlərin qarşısında aciz qaldı. Nəzərə alaq ki, bu il onları dəstəkləyənlərin sayı əhəmiyyətli dərəcədə azalıb. Sonda bunları da qeyd etmək istəyirəm ki, Azərbaycan dövlətinin bugünkü potensialı tam imkan verir ki, beynəlxalq qarayaxma və böhtan kampaniyalarının qarşısını ala bilsin. Qarayaxmalar və böhtan kampaniyaları isə davam edəcəkdir, o vaxta qədər ki, biz dövlət olaraq müstəqil siyasətimizi davam etdirəcəyik. Deməli, həmişə. Həm də biz ölkəmizdə düşmən dövlətin və bəzi güclərin yaratdığı şəbəkələri məhv etməliyik. Bunun da ən effektiv yolu vətəndaş cəmiyyətinin, o cümlədən ictimai birliklərin və medianın daha da inkişaf etdirilməsidir.