Avropa Parlamenti Xocalı aeroportundan narahatdır

19 Fevral 2013 17:25 (UTC+04:00)


Bu barədə Avropa Parlamentinin (AP) Latviyadan olan deputatı xanım İnese Vaydere "New Europe online" saytına müsahibəsində bildirib.
"Ermənilərin Xocalıda aeroportun açılması ilə bağlı təşəbbüsünə Dağlıq Qarabağın statusunun dəyişməsi tələbi kimi baxmaq olar ki, bu da Madrid prinsiplərinə ziddir. Bundan başqa, Dağlıq Qarabağla Ermənistan arasında hava xəttinin açılmasına Azərbaycanın hava məkanının pozulması kimi baxmaq mümkündür ki, bu da cavab reaksiyası doğura bilər", - deputat hesab edir.
Beləliklə, onun sözlərinə görə, Xocalıda aeroportun açılmasını təxribat və münaqişənin həlli yolunda əngəl kimi qiymətləndirmək olar ki, bu da qarşılıqlı etimadın yaranmasını təhlükə altına salır.
"Bunun əvəzinə tərəflər öz əraziləri üzərindən uçuşların mövcud praktikasına riayət etməyi davam etdirməlidirlər", - Vaydere bildirib.
Deputat qeyd edib ki, 1992-ci ildə Xocalıda soyqırım törədilməsi və buna aeroportun açılışının əlavə olunması potensial olaraq gələcəkdə ümumilikdə regionda gərginliyin artmasına gətirib çıxara bilər.
"Vəziyyəti gərginləşdirə biləcək istənilən təxribatçı hərəkət beynəlxalq səviyyədə mühakimə olunmalıdır. Bundan başqa, Ermənistan hakimiyyəti tərəfindən Xosalıda aeroportun açılması Aİ-yə və Minsk qrupunun səylərinə, ümumilikdə sülh prosesinə hörmətsizlik kimi qəbul edilə bilər", - Vaydere bildirib.
Avropalı deputat bildirib ki, Aİ-nin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında iştirakı indiyədək qeyri-fəaldır.
"Aİ şübhəsiz ki, regionda münaqişənin həlli üçün, o cümlədən hər bir ölkə ilə fəaliyyət planı çərçivəsində, eləcə də Aİ-nin Cənubi Qafqazdakı xüsusi nümayəndəsinin köməyi ilə daha çox iş görə bilər. Daha bir üsul ATƏT-in Minsk qrupunda Fransanı Aİ ilə əvəz etməkdir. Bu, möhkəm sülhə nail olmaq məqsədilə 20 illik münaqişədə irəliləyiş əldə etmək və minlərlə məcburi köçkünün Dağlıq Qarabağa qaytarılması üçün vacibdir", - Vaydere deyib.
AP-nin Slovakiyadan olan deputatı Boris Zala isə Brüsselin aeroportun açılışı ilə potensial olaraq münaqişənin daha da qızışacağı ilə bağlı narahatlığını təsdiqləyib.
"Ermənistandakı prezident seçkilərindən sonra vəziyyət sakitləşə bilər. İstənilən halda bu məsələ, əlbəttə, münaqişənin nizamlanması prosesini ləngidir və ATƏT-in Minsk qrupunun və Avropa İttifaqının işini çətinləşdirir", - Zala deyib.
Avropalı deputatın sözlərinə görə, beynəlxalq təcrübəyə uyğun olaraq, Azərbaycan ərazisi üzrəindən uçuşlar yalnız Azərbaycan hakimiyyətinin icazəsi ilə həyata keçirilə bilər.
"Hər hansı başqa iş rejimi təyyarələr və sərnişinlər üçün təhlükə yaradır və beynəlxalq hüququ pozur", - o deyib.
Xocalı aeroportunun açılmasının qarşısını almaq üçün AP-nin hansı fəaliyyət göstərə biləcəyinə dair suala cava olaraq Zala bildirib ki, əgər vəziyyət daha ciddi olarsa, AP münaqişənin qızışmasına mane olmaq üçün qətnamə qəbul edə bilər.
"Və gəlin unutmayaq ki, Aİ Ermənistana siyasi və iqtisadi təzyiq vasitələrinə malikdir - biz əvvəl-axır ticarət haqqında yeni saziş üzrə danışıqların yekun mərhələsinə daxil olacağıq. Ermənistanla daha sıx siyasi və ticari əlaqələrə məhz Avropa Parlamenti razılıq verəcək", - Zala bildirib.

AzNews.az