“Laba” obyektlərinin sökülməsindən danışdı – EKSKLÜZİV

19 Fevral 2013 18:50 (UTC+04:00)


"Gec-tez bu qanunsuzluğu edənlər öz cəzalarını alacaqlar"


"Heç bir müxalifət partiyası ilə əlaqəm yoxdur"



Sədərək Gömrük-Keçid Məntəqəsinin keçmiş rəisi, "Laba" ləqəbli Mübariz Pənahovun Şərur rayonundakı obyektləri yağmalanıb. "Yeni Müsavat" qəzetinin yazdığına görə, fevralın 18-də səhər saatlarında M.Pənahovun Şərurun mərkəzində yerləşən "Şərur" restoranı və hoteli tamamilə boşaldılıb.

Bu prosesdə diqqətçəkən məqamlardan biri də o olub ki, hotelin və restoranın boşaldılmasında Naxçıvanda hərbi xidmətdə olan əsgərlərdən istifadə olunub. Məlumata görə, "Laba"nın obyektlərinin yağmalanması sifarişini Naxçıvan Ordu Korpusunun komandanı, general-leytenant Kərəm Mustafayev verib.

Restoran və hotelin M.Pənahovdan alınmasının səbəbi sonuncunun generala külli miqdarda borcunun olmasıdır. Məlumatda həmçinin bildirilir ki, Vasif Talıbovla toqquşmadan çəkinməməsi isə diqqətləri daha da öz üzərinə çəkib. V.Talıbovla toqquşması onun ən böyük səhvlərindən biri kimi qəbul olunur:
Qeyd edilir ki, M.Pənahova məxsus Bakıdakı "Həsən Holdinq"də də yoxlamalar aparılıb. Ayrı-ayrı dövlət qurumları fevralın 18-də M.Pənahovun atasının şərəfinə tikdirdiyi "Həsən Holdinq"də əməliyyat keçirib.

"GÖRÜNÜR, BURADA KİMLƏRİNSƏ MARAQLARI VAR"

Baş verənlərə bağlı Mübariz Pənahov AzNews.az-a açıqlamasında Naxçıvanda obyektlərinin sökülməsini təsdiq edib. M.Pənahov bildirib ki, Obyektlərinin sökülməsindən Azərbaycana gələndən sonra xəbər tutub: "Ukraynada səfərdə idim, dünən gəlmişəm. Bir neçə il bundan öncə də obyektlərimi dağıtdılar. Söküntünü qanunsuz hesab edirəm. Obyektlərimin söküntüsü konstitusiyaya ziddir. Qoy, söksünlər, bəlkə gözləri doydu. Bu qanunsuzluqla bağlı hansısa quruma müraciət etmək fikrim yoxdur. Söküntünün Vasif Talıbova aidiyyəti yoxdur. Onunla münasibətlərim normal səviyyədədir. Görünür, burada kimlərinsə maraqları var. Bunun kim olduğu barədə məlumatlı deyləm. Gec-tez bu qanunsuzluğu edənlər öz cəzalarını alacaqlar".

"YAZILANLAR BÖHTANDIR"

İş adamı obyektləri Kərəm Mustafayevin sökdürməsi fikirlərinə də aydınlıq gətirib:
"Söküntüdə əsgərlərin iştirak etməsinə gəlincə deyə bilərəm ki, onlara əmr verilib. Bu əmri inanmıram ki, Naxçıvan Ordu Korpusunun rəhbəri Kərəm Mustafayev versin. Kərəm Mustafayevlə aramızda pul söhbəti yoxdur. Yazılanlar böhtandır".

"BAKIDA OBYEKTLƏRİMİ SÖKƏ BİLMƏZLƏR"

M.Pənahov "Sizin Bakıdakı obyektlərinizi də sökürlər. Bəs buna münasibətiniz necədir" sualını belə cavablandırıb:
"Bakıda obyektlərimi sökə bilməzlər. Burada qayda-qanun var. Həm də obyektlərimi niyə söksünlər ki?!"

"YOLUM HEYDƏR ƏLİYEV YOLUDUR"

M.Pənahov mətbuatda onun siyasi fəaliyyəti ilə bağlı yazılanlara da münasibət bildirib:

"Heç bir müxalifət partiyası ilə əlaqəm yoxdur. Ümumiyyətlə, hazırda siyasətlə məşğul olmuram. Bütün fəaliyyətimi biznes üzərində qurmuşam. Amma bütövlükdə yolum Heydər Əliyev yoludur. Mən həmişə onun siyasətini dəstəkləmişəm. 1992-ci ildən başlayaraq bir yolu tutmuşam. Haqqımda yazılanlar həqiqətə uyğun deyil. Ona görə də elə qəzetlərə, saytlara müsahibə vermirəm".

İlkin
AzNews.az