Binəqədidə “Vinçestr”lə vurulan şəxsi tapdıq və danışdırdıq - cinayətin izilə

20 Fevral 2013 07:02 (UTC+04:00)




Binəqədi polisi 16 gün əvvəl baş vermiş silahlı inisidenti niyə araşdırmır?


Fevralın 4-də Bakı şəhəri, Rəsulzadə qəsəbəsində Renat və İlkin İbrahimov qardaşlarına silahlı hücumla bağlı məlumat vermişdik. Bildirmişdik ki, Binəqədi rayonu ərazisində yerləşən banklardan birinin rəhbərliyində təmsil olunan Xalid və Zamiq qardaşları mübahisə zəminində Renat və İlkin İbrahimov qardaşlarına ağır bədən xəsarətləri yetirdikdən sonra insidentin baş verdiyi parkın ərazisindən uzaqlaşıblar. Hadisədə qardaşların "Vinçestr" tipli tüfəngdən atəş açdığı və hətta İlkin İbrahimovu öldürməkdə israrlı olduğu da vurğulanırdı.
Lakin hadisədən 10 gündən artıq vaxt keçməsinə baxmayaraq, hadisəni törədən şəxslərin saxlanıb-saxlanmaması, istintaqın gedişi barədə məlumat almaq mümkün olmur. Binəqədi polisi bu barədə heç bir məlumat vermir, bəzi hallarda isə bu informasiyanın doğruluğu şübhə altına alınır.

AzNews.az insident zamanı xəsarət alaraq xəstəxanaya yerləşdirilən qardaşlarla və onların anası ilə görüşərək məsələ barədə ətraflı məlumat almağa müvəffəq olub.

İbrahimov qardaşlarının anası Fiqumə Məmmədzadə AzNews.az-a bildirib ki, hadisə baş verən gün oğlu İlkin 39 saylı poliklinikadan həkim yanından qayıdıb:

"Evə gəlib çatdıqdan qısa müddət sonra həyət qapısının qarşısına çıxdı. Heç 5 dəqiqə keçmədi ki, qan içində evə gəldi. Səbəbini soruşanda dedi ki, Xaliq adlı oğlan onu vurub. Mübahisə ediblər və Xaliq Renatı onun arxasınca danışmaqda ittiham edib. Bundan sonra isə onu vurmağa başlayıb. Renat qan içində evə gəldi, qardaşı İlkinə zəng edib olanları danışdı".

Bu hadisədən qısa müddət sonra Xaliq Renatı yaxınlıqdakı parka çağırıb. Hər iki tərəfdən qardaşlar həmin parka gediblər. Vəziyyətin belə olduğunu görən F. Məmmədzadə övladlarının arxasınca deyilən yerə gedib:

"Xaliqin maşını ordakı "Dədə" restoranının qarşısında dayanmışdı. Sonradan bildik ki, özləri də həmin vaxt restoranda yeyib- içiblər. Xaliqin yanında qardaşı Zamiq də vardı. Onlarla əvvəlcədən heç bir ədavətimiz, ya da xüsusi tanışlığımız olmayıb. Sadəcə eyni ərazidə yaşamışıq. Mən ora çatanda gördüm ki, güllə atılır. İlkin atəş açılmaması üçün güclə silahı onun əlindən almağa çalışırdı. Əlbəyaxa olmuşdular. Əgər bu vaxt silah açılsaydı, balama mütləq nəsə olardı. İlkin silahı Xaliqin əlindən alıb qardaşına verdi".

Amma silahı onun əlindən alana qədər İlkin artıq yaralanıbmış. Xaliq silahın qundağı ilə onun başına möhkəm zərbələr endirməyə macal tapıb.

F. Məmmədzadə 102 xidmətinə zəng vurduqdan sonra əraziyə polis əməkdaşları gəlib. Elə qardaşları polislə bərabər əvvəlcə 39 saylı poliklinikaya, daha sonra isə M. Nağıyev adına Kliniki Tibbi Mərkəzə aparıblar.

Kliniki Tibbi Mərkəzin həkimi Qabil İbrahimovun imzası ilə verilən tibbi kartadan çıxarışda İlkin İbrahimovun fevralın 4-də xəstəxanaya gətirilən zamankı vəziyyəti təsvir edilir. Belə ki, həmin vaxt İlkin İbrahimovda qapalı kəllə-beyin travması, beyin silkələnməsi müşahidə olunub. Həmçinin alın nahiyəsində əzilmiş yaralar olub. İlkin İbrahimov xəstəxanaya yerləşdirilsə də, digər qardaş Renat İbrahimova ilkin tibbi yardım göstərildikdən sonra evə göndərilib. İ. İbrahimovun sözlərinə görə, ərazidən polis gələnə qədər 5 patron yığışdırılıb və tüfənglə bərabər gizlədilib:

"İndi də iddia edirlər ki, guya tüfəng olmayıb, məni ancaq taxta ilə vurublar. Hadisə çöldə, heç kəsin olmadığı yerdə baş verməyib ki? Nə qədər şahid var. Xaliqin qaçdığını da görüblər. Əgər silah olmayıbsa niyə qaçır? İndiyə qədər də üzə çıxmayıb. İndi də haradasa gizlənir. İşi aparan Binəqədi Rayon Polis İdarəsinin müstəntiqi Kərim Xələfov anama deyir ki, siz tapıb gətirin".


Fevralın 19 - də müstəntiqlə görüşən İlkin İbrahimov ekspertizaya göndərilib:

"Nəticə barədə məlumatı polisə verəcəklər. Xaliq və Zamiqin yaxınları fevralın 7-də xəstəxanaya gəldi. Bir də ayın 12-də gəldilər. Təklif etdilər ki, xəstəxana pulunu onlar ödəsinlər, barışıq olsun. Ödəyib – ödəmədiklərini, yaxud nə qədər ödədiklərini bilmirəm. Biz ancaq iynə-dərmanın pulunu verdik. İndi işləyə bilmirəm, 3 uşağım var. Ailəmi taksi sürməklə dolandırırdım. Bu vəziyyətdə taksidə işləmək mümkün deyil".

Hadisədən sonra qarşı tərəfin bəzi şayiələr yaydığını iddia edən F. Məmmədzadənin sözlərinə görə, xüsusən İbrahimovlar ailəsinin onlardan pul istədiyi yalanı uydurulub:

"Ordan - burdan eşidirik ki, guya onlardan pul istəyirik. Lap 100 min də versələr mənim övladlarıma dəyən ziyan ödənməz. Harada görünüb ki, 2 uşağın üstünə silah çəkilsin. Bir də deyirlər ki, onlar da bunun intiqamını alacaqlar. Əgər mənim övladlarıma nəsə olsa məsuliyyət onlarındır. Mən bunu indidən bildirirəm. Qoy polis mənim uşaqlarımı da, onları da araşdırsın. Qardaşı yalan ifadə verib ki, guya Xaliqin əlindəki taxta parçası olub. Halbuki silahı İlkin özü onun əlindən alıb qardaşına verib. İndi silah ortada yoxdur. Elə Xaliq də tapılmır. Əgər taxta ilə vurubsa niyə gizlənir? Sarı rəngli "Vinçestr" vardı, ondan atəş açırdı".

Hadisəni törədən Xaliq adlı şəxsin Binəqədi rayonundakı "Kompas" bankında işlədiyini deyən İbrahimovlar ailəsi təqsirkarların cəzalandırılmasını tələb edir.

Mövzunu diqqətdə saxlayacağıq.

Elnur Əzimov
AzNews.az