Füzuli Ələkbərov oğlunu necə cəzalandırıb? - EKSKLÜZİV

20 Fevral 2013 11:50 (UTC+04:00)


Əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov bir müddət öncə Prezident Aparatına çağırılıb və ciddi şəkildə tənbeh olunub.

AzNews.az-ın əldə etdiyi məlumata görə, bu hadisə nazirin qardaşı İsmayıllı rayon icra hakimiyyətinin sabiq başçısı Nizami Ələkbərovun işdən çıxarılmasından bir gün öncə baş verib. Redaksiyamıza verilən informasiyada bildirilir ki, həmin ərəfədə nazir Fizuli Ələkbərovun da hansısa formada cəzalandırılması və hətta istefaya göndərilməsi də müzakirə olunurmuş. Amma sonda bu qərardan imtina edilib və nazirin cəzalandırılması qardaşının görəvdən alınması ilə yekunlaşıb.

Bununla belə Fizuli Ələkbərova İsmayıllı olaylarının əsas "qəhrəman"larından sayılan oğlu Vüqar Ələkbərovla bağlı ciddi xəbərdarlıqlar edilib. Bu xəbərdarlıqdan dərhal sonra isə nazir oğlunun "cibxərcliyini" kəsib, habelə onun əsas gəlir mənbələri sayılan obyektləri də əlindən alınıb. Mənbə iddia edir ki, Fizuli Ələkbərov oğlu ilə çox sərt danışıb və ona bir çox qadağalar qoyub. Ətrafda gözə dəyməmək, gecə həyatına son vermək və s. də bu qadağalar seriyasındandır.

Sonda qeyd edək ki, İsmayıllı hadisələrinə səbəb Füzuli Ələkbərovun oğlunun İsmayıllı camaatını ağır söyüşlə təhqir etməsi olub. Belə ki, yayılan məlumata görə, "Kəpənək" adlanan ərazidə nazir oğlu Vüqar Ələkbərov "Çinar" restoranının sahibi Eminlə yeyib-içib sərxoş olandan sonra "Hummer" markalı maşını ilə bir taksini əzib. Sonra nazir oğlu maşından düşüb taksi sürücüsü ilə münaqişə yaradıb və söyüş söyməyə başlayıb. Xəbər sürətlə rayona yayılıb və qiyam başlayıb. Qiyam nəticəsində nazir oğluna məxsus "Hummer" markalı avtomobili də sakinlər tərəfindən yandırılıb.

Orxan
AzNews.az