Eldəniz Quliyev Mir Şahini təhqir etdi - QALMAQAL

20 Fevral 2013 12:24 (UTC+04:00)



Azadlıq Radiosunun "Pen klub" proqramında debata çıxarılan "Xoca" filmi yeni qalmaqala yol açıb. Filmin baş prodüseri Mir Şahin Ağayevlə kinodramaturq Eldəniz Quliyevə növbəti dəfə üz-üzə gəlib. Birinci səsləndirdiyi fikirlərlə E.Quliyevi aşağılamağa çalışıb: "Eldəniz Quliyevin iki filmi var: biri "Haray", biri də səhv etmirəmsə, "Quqquluqu" flimi".

Bu qalmaqalla bağlı AzNews.az-a danışan kinodramaturq Eldəniz Quliyev qarşı tərəfin ünvanına çox kəskin, təhqiramiz ifadələr səsləndirdi:

"Özündən böyük adamla belə danışmaq yaraşmaz. Mir Şahin hər yerdə şüar edir ki, Eldəniz Quliyevi tanımıram. Əgər o, məni tanıya-tanıya belə deyirsə, mən onu heç tanımaq istəmirəm. Mir Şahin iddia edir ki, guya Rüstəm İbrahimbəyov hardasa deyib ki, Eldəniz Quliyev "Xoca" filmi haqqında düz deməyib. Bu, ağ yalandı.

Əslində Rüstəm İbrahimbəyov filmlə bağlı iki dəfə fikir yürüdüb. Birində deyib ki, "mən Eldəniz Quliyevin fikri ilə razıyam". İkinci dəfə isə kino ittifaqında jurnalistlərdən biri ona bu barədə sual verdi. O isə cavabında dedi ki "daxili ekranda, vətənpərvərlik hisini yüksəltmək üçün filmlər lazımdır. Amma bu film respublikadan kənara çıxarmaq üçün deyil". Bu da ilan sümüyü olub keçib Mir Şahinin boğazına".

E.Quliyevin fikrincə, M.Ağayev Kütləvi İnformasiya Vasitələri haqqında qanuna əməl etmir:
"O, öz televiziyasından mənim münasibətimi vermədən mənə cavab verir, təhqir edir. "Hesabat"da o, mənə qarşı növbəti dəfə təhqiramiz ifadələr səsləndirdi, "quqquluqu" dedi. "Pirverdinin xoruzu" filminin ssenari müəllifi mənəm, o Cəlil Məmmədquluzadənin hekayəsi əsasında ekranlaşıb. "Xoca"nın ssenarisi bu filimin ssenarisi ilə müqayisəyə gəlməz. "Xoca"nın ssenarisi Vahidindirsə, "quqquluqu" adlandırdığı filmin arxasında Mirzə Cəlil imzası dayanıb".

Kinorejissor dedi ki, M.Ağayev tərəfkeşlik edir:
"Biri var kiminsə qarşısında quyruq bulamaq, mən bunu haradasa başa düşürəm. Biri də var quyruq bulaya-bulaya özü quyruğa çevrilmək. Gah hakimiyyətin qarşısında quyruq bulayır, gah da öz müdiriyyətinin. Nəticədə həm "Miri" statusunu itirib, həm də olub quyruq Şahin. Mən təəssüf edirəm: sual işarəsi də nə vaxtsa nida olub? Əyilə-əyilə suala çevrilib. Mən istərdim ki, Mir Şahin yerini bilsin. Hərdən isə kameranı kənara qoyub güzgüdə bir özünə baxsın. O güc ki, insana bacarığı, ləyaqəti hesabına verilmir, o iki finalla sona yetir. Ya komediya, ya faciə ilə. Bu sözlər bir başa Şahin Ağayevə aiddir. "Mir" kəlməsi isə ona yaraşmır".

Bahar Rüstəmli
AzNews.az