Xalıq Bahadır “Azadlıq“ qəzetindən küsdü

20 Fevral 2013 12:50 (UTC+04:00)
"Azadlıq" qəzetinin yazarı Xaliq Bahadırın yazıçı Əkrəm Əylisliyə cavab olaraq yazdığı "Dönüklüyün dəli yuxuları" başlıqlı məqaləsi bu mətbuat orqanında dərc olunmayıb. Bundan qəzəblənən Xaliq Bahadır "Azadlıq" qəzetinə qarşı bir sıra ittihamlar irəli sürüb.

Bu ittihamlara cavab olaraq, "Azadlıq" qəzetinin redaktoru Sücəddin Şərifov söyləyib ki, həmin vaxt qəzetdə eyni məzmunlu başqa yazılar da getdiyindən X. Bahadırın məqaləsi müvəqqəti saxlanılıb.

Ancaq Xalıq Bahadır "Azadlıq" qəzetindən verilən bu açıqlamadan razı qalmayıb.

Publika.Az-a açıqlamasında Xalıq Bahadır bildirib ki, "Azadlıq" qəzeti bu günə kimi onun bir çox yazısına qadağa qoyub: "Bunun hansı səbəbdən etdiklərini isə deməyiblər. Mən həmin yazıları ortaya çıxara bilərəm. Sözsüz ki, həmin yazılar "Azadlıq"ın mövqeyinə əks olduğu üçün dərc etməyiblər. Bu səbəbdən də qadağa qoyublar. İndiyə kimi bunu dilə gətirməmişəm. Amma Əkrəm Əylisli elə məsələ idi ki, bunu ört-basdır edə bilməzdim. O qəzeti yaradan, yaşadan insanlardan biri olaraq, bu günə kimi güzəştə getmişəm. Amma daha nə hakimiyyətə, nə də müxalifətə güzəştə getməyəcəm. Əkrəm Əylisli bu əsəri ilə milli maraqlarımızı tapdayıb, erməni separatizminə arxa durub. Necə olur ki, "Azadlıq" qəzetində Əkrəm Əylisli ilə bağlı gedən bütün yazılar bir yöndə olur? Yalnız mənim yazım əks mövqedə olub, onu da dərc etməkdən imtina ediblər. Bu, hansı demokratik prinsiplərə sığır? Oxucular bunu görür. Onlar kimi aldadırlar?".

AzNews.az