Banklar bu ilin ilk 8 ayını 350 mln. manat xalis mənfəətlə başa vurub

4 Oktyabr 2017 13:02 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının yaydığı məlumata görə, bankların aktivlərinin 40,4%-ni və yaxud 11 907,2 mln. manatını müştərilərə verilmiş kreditlər təşkil edib. Bu ilin ilk 8 ayında bankların kredit portfeli 25,3% kiçilib.

8 ay ərzində bankların cəmi öhdəlikləri 10% azalaraq 26 568,2 mln. manat, o cümlədən depozit portfeli 0,8% artaraq 16 535,1 mln. manat olub. Bunun 6 871,7 mln. manatını fiziki şəxslərin depozitləri, 9 663,4 mln. manatını isə hüquqi şəxslərin depozitləri təşkil edib. İlin əvvəlindən əhalinin əmanətləri 7,5% azalıb, şirkətlərin vəsaitləri isə 7,6% artıb.

Yanvar-avqust aylarında bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi isə 64,1% azalaraq 609,3 mln. manata düşüb.

Hesabat dövründə kredit təşkilatlatının balans kapitalı 53,1% artaraq 2 923,6 mln. manata çatıb.

8 ay ərzində bankların faiz gəlirləri 1 292,9 mln. manat, faiz xərcləri 634,2 mln. manat, qeyri-faiz gəlirləri 537,4 mln. manat, qeyri-faiz xərcləri 630,3 mln. manat təşkil edib. Son nəticədə bank sektorunun xalis əməliyyat mənfəəti 565,8 mln. manat olub.

Banklar aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılmasına 196,8 mln. manat yönəldib, digər mənbələrdən 2,6 mln. manat gəlir əldə edib, 21,3 mln. manat isə mənfəət vergisi ödəyib. Bununla da Azərbaycanın bank sektoru ilin ilk 8 ayını 350,8 mln. manat xalis mənfəətlə başa vurub. Bunun 134 mln. manatı avqustda əldə edilib.