Kərə yağının bahalaşmasında DGK-ni ittiham etmək əsassızdır - DGK

4 Oktyabr 2017 16:22 (UTC+04:00)

AzNews.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ekspert rəyi əsasında hazırlanan məlumatda kərə yağının qiymətindəki artım gömrük vergi və rüsumlarının yüksək olması, inhisarçılığa yol verilməsi və gömrük orqanları tərəfindən bəzi sahibkarlara xüsusi imtiyazlar tanındığı halda digərlərinə kərə yağının idxalı ilə bağlı qadağa qoyulması ilə əsaslandırılır və gömrük orqanlarına qarşı əsassız ittihamlar irəli sürülür.

DGK bildirir ki, kərə yağının qiymətində artımın baş verdiyi dövrdə, bu mal növü üzrə gömrük vergi və rüsumlarında hər hansı dəyişiklik olmayıb: “Gömrük orqanlarının bu sahədə inhisarçılıq hallarına yol verməsinə gəlincə isə ötən il ölkəyə yağ idxal edən şirkətlərin sayına və idxal olunan məhsulun miqdarına dair rəqəmlər bu iddiaların absurd olmasının sübutudur. Belə ki, 2016-cı ildə Azərbaycana 22 ölkədən 51 şirkət 28377938.84 ABŞ dolları dəyərində 8357095.43 kq, 2017-ci ilin 9 ayı ərzində isə 44 şirkət 16 ölkədən 35 998149.22 ABŞ dolları dəyərində 8391526.17 kq yağ idxal edib ki, bu da iddiaların əksini sübut edir. Statistik rəqəmlərdən də göründüyü kimi, ötən il 1 kq yağ 3.39 ABŞ dollarına, cari ildə isə 1 kq yağ 4.28 ABŞ dollarına rəsmiləşdirilib ki, mövcud artım da dünya bazarında yağ məhsulunun bahalaşması ilə əlaqədardır”.

Məlumatda deyilir ki, o cümlədən, 2016-cı ildə Almaniyadan 11, Rusiyadan 11, Ukraynadan 10, Belarusdan 7, Yeni Zelandiyadan 5 şirkət, 2017-ci ilin 9 ayı ərzində isə Ukraynadan 13, Rusiya Federasiyasından 8, Türkiyədən 7, Belarusdan 6, Almaniyadan 5, Yeni Zelandiyadan 4 şirkət yağ idxalını həyata keçirib: “Daxili bazarda formalaşan qiymətlərə gəlincə isə bu məsələ Dövlət Gömrük Komitəsinin səlahiyyətlərinə aid deyil”.