"Azərbaycan Premyer Liqasını Portuqaliya çempionatı ilə müqayisə etmək olmaz" - Emin Mahmudov

7 Oktyabr 2017 20:24 (UTC+04:00)

Bu sözləri "Report"a müsahibəsində “Neftçi”nin futbolçusu Emin Mahmudov “Qəbələ” ilə yoxlama matçından sonra deyib.

"Boavişta"nın sabiq futbolçusu suallarımızı cavablandırıb:

Artıq komandaya uyğunlaşmısan?

- Bəli, uyğunlaşmışam. Bu, elə də çətin olmadı. Çünki uşaqların bəzilərini əvvəldən də tanıyırdım. Həmçinin, baş məşqçimiz də bu məsələdə mənə kömək oldu.

“Neftçi”yə gəlişinin tarixinə də toxunaq. Bu, necə baş verdi?

- Təklif oldu və mən də bu təklifi qəbul etdim.

Səni bu qərara gəlməyə nə vadar etdi: Daimi oyun praktikası, yoxsa...?

- Bəli, ilk növbədə daimi oyun praktikası. Bu məqam mənim üçün çox vacib idi. Portuqaliya “Boavişta”sında qala bilərdim. Qalmaq da təklif olunmuşdu. Lakin daimi oynamaq istədiyim üçün oradan ayrıldım. Çünki bunun üçün darıxmışdım.

Rusiya futbol ictimaiyyətinə tanış simasan. Qonşu ölkənin ən azı I Divizionunda oynamaq imkanın yox idi?

- Hətta Premyer Liqa variantları da var idi. Sadəcə, konkret heç nə yox idi. Mən isə vaxt itirmək istəmirdim.

Necə düşünürsən, “Neftçi” seçimin uğurludur?

- Bəli.

Azərbaycan Premyer Liqası haqda düşüncələrin, fikirlərin necədir?

- Burada komandalar daha çox topla oynayır, daha çox ötürmə edirlər. Təbii ki, Azərbaycan Premyer Liqasını Portuqaliya çempionatı ilə müqayisə etmək olmaz. Orada temp daha yüksəkdir, inkişaf daha sürətlə gedir, futbolçular meydanda daha çox pressinq edirlər.

“Neftçi”də qarşına qoyduğun əsas məqsəd nədir?

- Komandaya fayda vermək və daha yüksəyə qalxmaq.

Millinin Çexiya ilə oyunu haqda nə deyə bilərsən?

- Oyuna baxmadığım üçün bir söz deyə bilmərəm.

AzNews.az