Ziya Məmmədov avtomobil yollarından danışdı

21 Fevral 2013 11:19 (UTC+04:00)


Trend-in məlumatına görə, nazir avtomobil yolları layihələrinin icra vəziyyətinə dair keçirilən kollegiya iclasında avtomobil yollarının və körpülərin saxlanması, təmiri, bərpası, yenidən qurulması ilə bağlı görülən işlərə, eyni zamanda, bu sahədəki çatışmazlıqlara toxunaraq bunların ilk növbədə layihələrin icra müddəti, təmir-tikinti işlərinin keyfiyyəti və yolların mühafizəsi ilə bağlı olduğunu bildirib.

Kollegiya sədri yüksək səviyyəli avtomobil yollarının mövcudluğunun iqtisadi inkişafı şərtləndirən amillərdən biri olduğunu qeyd edirək bu sahəyə dövlət səviyyəsində yüksək diqqət və qayğı göstərildiyini bir daha diqqətə çatdırıb.

Bununla yanaşı, Məmmədov bir sıra layihələrin icrası müddətində podratçılar tərəfindən gecikmələrə yol verildiyini diqqətə çatdırıb, həmçinin icra intizamının möhkəmləndirilməsi, nəzarət sisteminin gücləndirilməsi, layihələrin idarə edilməsi sisteminin təkmilləşdirilməsi ilə bağlı müvafiq göstərişlər verib. Yol İstismar idarələri tərəfindən avtomobil yollarının və yol qurğularının cari saxlanış vəziyyətinin lazımi səviyyədə təmin olunmadığını vurğulayan kollegiya sədri infrastruktur obyektlərinin mühafizə zolağında qanunsuz tikililərlə bağlı aidiyyəti üzrə tədbirlərin görülməsi üçün də ciddi tapşırıqlar verib.

Dövlət proqramları və tədbirlər planlarında yol infrastrukturunun inkişafı üzrə müəyyən edilmiş tədbirlərin, o cümlədən Bakı şəhərində müxtəlif səviyyəli yol qovşaqlarının tikintisi, avtomobil yolları şəbəkəsinin inkişafı, həmçinin yol nişanlarının quraşdırılması və onlara xidmət göstərilməsi, o cümlədən ümumi istifadədə olan ölkə əhəmiyyətli avtomobil yollarının reabilitasiyası və yenidən qurulması üzrə Nəqliyyat Nazirliyinə həvalə olunmuş işlərin vaxtında və keyfiyyətlə icra edilməsinin vacibliyini qeyd edən kollegiya sədri bir sıra obyektlərdə görülən işlərin keyfiyyətinin onu qane etmədiyini bildirib və qeyd olunan sahələrdə təsirli tədbirlərin görülməsini, işlərin keyfiyyətinin artırılmasını, icra olunan layihələrin bütün mərhələlərdə yalnız yüksək keyfiyyətlə və vaxtında yerinə yetirilməsini və ciddi nəzarətin tətbiq edilməsini "Azəryolservis" ASC-nin rəhbərliyindən və podratçı təşkilatçılardan tələb edib.

Müzakirə olunan məsələ ilə bağlı kollegiyada müvafiq qərarlar qəbul edilib.

AzNews.az