İqtisadi İslahatlarin Təhlili Və Kommunikasiya Mərkəzi ictimai mühazirələrə start verib

10 Oktyabr 2017 15:13 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu məqsədlə İİTKM- nin icraçı direktoru Vüsal Qasımlı Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) ilk mühazirəni oxuyub.

Öncə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov müəllim və tələbə heyətini salamlayıb. O bildirib ki, bu gün ölkəmizdə ciddi çağırışlara qarşı mühüm tədbirlər həyata keçirilir. Artıq neft iqtisadi artım amili funksiyasını yetirmir. İqtisadiyyatda yeni artım nöqtələrinə ehtiyac var. Bu artım nöqtələri Prezident İlham Əliyev tərəfindən imzalanmış Strateji Yol xəritələrində öz əksini tapıb. “İqtisad Universiteti olaraq məqsədimiz ölkədə həyata keçirilən iqtisadi islahatların əsaslandırılması, iqtisadi artıma müsbət töhfə verə biləcək tədqiqatların genişləndirilməsidir. Universitetdə mövcud potensialın reallaşdırılması üçün maksimal dərəcədə əlverişli şərait yaratmağa çalışırıq”.

Daha sonra V. Qasımlı məruzəsinə start verib. O qeyd edib ki, Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan kompleks iqtisadi islahatlar nəticəsində xarici şokların təsiri altında yaranmış çətinliklər geridə qalıb. Bu ilin ilk 9 ayında qeyri-neft sektoru 2,5 faiz, qeyri-neft sənayesi 3,1 faiz, kənd təsərrüfatı 2,8 faiz, xarici ticarət dövriyyəsi 7 faiz artıb və qeyri-neft ixracı 1,07 milyard ABŞ dollarına çatıb: “Beynəlxalq Valyuta Fondunun proqnozlarına görə isə gələn il Azərbaycanda neft sektorunun geriləməsinə baxmayaraq ümumi iqtisadiyyat 2 faiz böyüyəcək. Beləliklə, Azərbaycanda qeyri-neft sektorunun dünya üzrə orta iqtisadi artım tempindən daha üstün yüksəlişi gözlənilir. Aparılan iqtisadi islahatlar, yaradılan sənaye, aqrar və texnoparklar 2018-ci ildə qeyri-neft sektorunda bum yaşanacağını göstərir. Artıq kommersiya bankları da real sektorun maliyyələşməsində iştirakı gücləndirməyə başlayırlar. Dövlət investisiya proqramı da iqtisadi inkişafı dəstəkləyəcək və 2018-ci il qeyri-neft sektorunda sürətli inkişafı təmin edəcək.”

V.Qasımlı sonda UNEC-in professor-müəllim heyəti və tələbələrin suallarına cavab verib. Qeyd olunub ki, bu cür ictimai mühazirələr təhsil-elm-islahat sintezinin yaradılması baxımından əhəmiyyətlidir