Həsən Kərimov: “Həmişə iqtidarın yanında olmuşuq”

21 Fevral 2013 12:31 (UTC+04:00)


"Azərbaycan dövlətçiliyi təhlükədə olarsa, təbii ki, müxalifət dövlətçiliyin müdafiəsinə qalxacaq. Ümummilli məsələlərdə heç vaxt iqtidar-müxalifət söhbəti etməmişik".

Bunu AzNews.az-a açıqlamasında AXCP ali məclisinin sədri Həsən Kərimov deyib. AXCP funksioneri bildirib ki, Azərbaycan dövlətçiliyinə qarşı hər hansı təhlükə olarsa, müxalifət dövlətçiliyi qoruyacaq: "İqtidarın müxalifətin belə məsələlərdə kənara çəkilməsini deməsi, ictimai rəyi çaşdırmağa yönəlmiş bir şeydir. Hansı məsələdə onları tək qoymuşuq? Hansı məsələdə onları tək qoymuşuqsa, konkret faktlarla göstərsinlər. Onlar Azərbaycan dövlətçiliyinə hər hansı təhlükə olanda müxalifətlə məsləhətləşiblərmi? Bu, böhtandan başqa bir şey deyil. İqtidarda kimin olmasından asılı olmayaraq, müxalifət olaraq dövlətçiliyimizi qoruyacağıq".

H.Kərimov qeyd edib ki, Azərbaycan dövlətçiliyinə hər hansı təhlükə olarsa, bütün məsuliyyət iqtidarın üzərinə düşür: "Bu ya xarici, ya da daxili siyasətin nəticəsidir. Amma biz bütün bunlara baxmayaraq, ölkənin müdafiəsinə qalxacağıq".

İlkin
AzNews.az