Zərdabın icra başçısına qarşı daha bir iddia

21 Fevral 2013 14:36 (UTC+04:00)
Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütfəli Babayev daha bir qalmaqallı məsələdə ittiham olunur. AzNews.az-a daxil olan məlumata görə, Azərbaycandakı sahibkarlardan biri külli miqdarda pulunu mənimsəməkdə icra başçısını təqsirləndirir və bununla bağlı prezidentə müraciət hazırlayır.

Belə bir müraciətin prezidentin icra başçılarına sahibkarlarla bağlı xüsusi tapşırıq verməsi ərəfəsinə düşdüyü diqqətdən yayınmır. Odur ki, əməkdaşımız sahibkarı - Fəqan Nəsibovu taparaq məsələ barədə ətraflı məlumat alıb.

Fəqan Nəsibov AzNews.az-a açıqlamasında bildirib ki, Mingəçevirin icra başçısı olanda şəhərdə ləğv olunan trolyeybus xətlərini almaq istəyib və bu məqsədlə də icra başçısı ilə sövdələşməyə gedib:
"O, məni icra hakimiyyətinin binasında, iş otağında qəbul etdi. Haradasa iki saata qədər söhbət etdik. Ayağa qalxıb çıxanda o, məndən 35 min dollar beh aldı. Aradan bir az keçəndən sonra isə yerdə qalan 30 mini də verdim. Amma o, bizə dedi ki, İlham Əliyev Mingəçevirə gələcək. Prezident gəlib getsin, sonra işə başlayarsınız".

Amma prezidentin Mingəçevir səfəri başa çatandan sonra xətləri sökməyə icazə verməyib:

"Xeyli vaxt bizi süründürdü. Axırda imtina etdim, dedim ki, istəmirəm, get kimə satırsansa sat. Amma verdiyim pulu geri istəyirəm. Pulu ala bilmədiyimi gördükdə ilk olaraq, Mingəçevir Polis Şöbəsinə müraciət etdim. Hara müraciət etdimsə mənasız oldu. Hamısında da Lütfəli Babayevin "əli" qanundan irəli düşdü".

F.Nəsibov AzNews.az vasitəsi ilə prezident İlham Əliyevə müraciət etdi: "Üzümü tutub İlham Əliyevə deyirəm: Hörmətli prezident! Sizdən başqa ümid yerim yoxdur. Lütfəli Babayev məni aldadıb aldığı 65 min dollar pulu geri istəyirəm. Məsələ ilə bağlı Prezident Administrasiyasının Zərdab Rayon Kuratoru Dəyanət Abdullayev də xəbərdardır. Mən Sizə göndərdiyim məktubların hamısını o, alır, oxuyur və gizlədir".


Bahar Rüstəmli
AzNews.az