Universitetlərə imtahansız qəbul olmaq imkanı

21 Fevral 2013 16:08 (UTC+04:00)


Bunu təhsil naziri Misir Mərdanov Beynəlxalq Bakalavriat Təşkilatının Afrika, Avropa və Yaxın Şərq üzrə regional direktoru Adrian Kerneylə keçirilən görüşdə deyib. Nazir bildirib ki, bu, Beynəlxalq Bakalavriat Təşkilatının Proqramına qoşulan məktəbləri bitirən şagirdlərə şamil olunacaq. Nazirin sözlərinə görə, hazırda həmin proqram Azərbaycanın 4 orta məktəbində tətbiq olunur ki, bunlara da "Beynəlxalq Məktəb", "Dünya məktəbi", "XXI əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi" və 6 saylı orta məktəb daxildir: "Bu proqramın tədris olunduğu orta məktəbləri bitirən şagirdlər xarici ali məktəblərə imtahansız qəbul olmaqla yanaşı, orada 1 il hazırlıq kursu keçmədən birbaşa ali təhsilə başlayacaqlar".

M.Mərdanov bu məktəblərdə tətbiq olunan proqramlara "Azərbaycan dili", "Azərbaycan tarixi" və "Azərbaycan coğrafiyası" fənlərinin daxil edilməsini təklif edib. O vurğulayıb ki, bundan sonra həmin orta məktəblərin sənədləri bu proqramın tətbiq olunduğu digər dünya ölkələrinin məktəblərinin sənədləri ilə qarşılıqlı şəkildə tanına bilər.

M.Mərdanov beynəlxalq proqram üzrə məktəbi bitirən şagirdlərinin imtahansız Azərbaycanın ali məktəblərinə qəbul olmaq məsələsi isə mühüm müzakirə mövzusu olduğunu deyib: "Çünki Azərbaycan qanunvericiliyinə görə, orta məktəbləri bitirən hər bir şagird ölkəmizin orta və ali təhsil müəssisələrinə yalnız test üsulu ilə imtahan verdikdən sonra qəbul olunurlar. Bu şagirdlərin imtahansız ölkənin ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olunması üçün birgə müzakirələr aparılmalı və qarşılıqlı razılıq əldə olunmalıdır".